Səidə Röyanı hədəfə aldı:“...Yekəxanalıq etmə”

“Üçü də qərar verə bilməyib. Hərəsi ayrı-ayrı deyir ki, Səidəni sənətə mən gətirmişəm. Ay qızlar, xalalar, bacılar, analar, siz məni səhnəyə gətirməmisiniz. Bir ayılın, özünüzə gəlin. Yolu açan Allahdır. Çox şükür  öz ayaqlarımın üstündə durmuşam, öz-özümə Səidə Sultan olmuşam. Eqolarınızı bir kənara qoyun”. “Sherg.az” xəbər verir ki, bu sözləri “Onda görüşək” verlişində müğənni Səidə Sultan həmkarları Röya Ayxan, Natavan Həbibi və Elnarə Xəlilova haqqında söyləyib. O, ən əsas Röyanı anlamadığını xüsusi vurğulayıb:

“Həyatda yekəxana insan sevmirəm. Bir az sadə olmaq lazımdır. Xalqın sevgisini qazanırsınız, sonra camaata minnət  edirsiniz. Gözüm aydın xalq artistisən. Mən də Sultanam, tacım da başımdadır. Hörmət də qarışılıqlıdır. O sözü sevmirəm, deyirlər, Səidənin əlindən tutmuşuq. Siz kimsiniz ki, əlimdən tutasınız? Bu nə danışıqdır? Sənin özünü əlindən tutub gətirənlər olub, məni yox! Mənimlə kimsə mübarizə aparmaq istəyirsə, şəxsi məsələlərə toxunmasın. Gəlsin, üzbəüz dalaşsın. Bəzi söhbətləri Səidəyə ləkə olsun deyə mediaya sızdırmaq lazımsızdır. Elə mövzular var ki, o insana yapışmır. Gördüm ki, etdiyi düzgün hərəkət deyil”.

İfaçı həmçinin deyib ki, Röya ilə aralarındakı soyuqluq bir-birinə bənzədilən məşhur fotosessiyalarından sonra başlayıb:

“Həmin şəkillər yayımlananda, əksəriyyət dedi ki, bənzərlik çoxdur. Hətta jurnalistin biri paylaşaraq obraz kimi Səidə Sultanla eyni olduğunu söylədi. Onlar da(Natavanla Röyanı nəzərdə tutur-.red) eqolarından özlərinə sığışdıra bilmədilər ki, Səidənin geyiminə oxşayır. O xəbərləri mətbuatdan sildirdilər. Sonra dedilər ki, xəbərimiz yoxdur. Fikirləşdim ki, onlardan sonra mən həmin fotossesiyanı etdirib bənzədilsə idim, bütün mətbuat yazardı. Niyə məhz Səidəyə oxşadıldı yazılıb deyə  silinir. Mən də öz səhifəmdə paylaşdım. Hər şey mənimdir demək olmaz, dünyanı tutub qalmayacağıq. Səhnədə hansısa müğənni ömrünün axırına qədər zirvədə qala bilmir. Sabah mənim  də populyarlığım sönəcək. Bu yaşıma kimi nə qədər əziyyət çəkmişəm. Sənətdə eqom yoxdur. Çünki özümə arxayınam. İnsan özündən əmin olmalıdır. Dürüstlük gözəl bir nəsnədir. Mən də haqqı danışıram. Kiminsə haqqına girmirəm, yaxud da kiminsə yerində olmaq istəmirəm. Hələ o deyir ki, onlar mənim yerimdə ola bilməzlər. Qazandığın sevgini gördük də, bir günə apardılar. Heç vaxt  insanların sevgisinə görə yekəxanalıq etmə”.

S.Sultanın qalmaqallı açıqlamasına Röyadan gözlənilməz reaksiya gəlib. O həmkarının klipindən bir hissə paylaşaraq bunları yazıb:

“Səidə ilə 1980-ci illərə getdim. Bu gün ilk dəfə izlədim. Ay çox bəyəndim. Nə gözəl işdir. Zəhmət də var. Maşallah”.

Natavan və Elnarə cəbhəsindən isə hələ səs yoxdur.