Partiya sədri: “Krım tatarlarını yalnız buraxmamalıyıq”

“Ukraynanı tək qoymaq olmaz!”. Bu sözləri Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli deyib. 
A.Əsədli münaqişə barədə fikirlərini “Sherg.az”la bölüşdü: 

“Rusiyanın milli maraqları perimetri boyunca bütün xalqlar kimi, Ukrayna xalqı da on illərdir, milli, siyasi, iqtisadi, hərbi və daha bir çox sahə üzrə münaqişələr, problemlər yaşamaqdadır. Ən qanlı və ərazicə böyük sahəni ehtiva edən münaqişələrdən biri Ukraynanın Donbas bölgəsindəki müharibədir. Müharibənin əsas səbəbi nədir? Bu barədə çox danışmaq və mübahisə etmək olar. Ancaq səbəbkarı mövzusunda elə də mübahisə doğuran bir məqam yoxdur. Onun adı Rusiyadır.

Daha doğrusu, Rusiyanın iqtidarı, yəni Kreml administrasiyası. Ancaq Ukraynada hər şey düşündüyümüz qədər sadə və aydın deyil. Əvvəla, Ukrayna hazırda sadəcə torpaq bütövlüyü uğrunda deyil, həm də hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu naminə də mübarizə aparmaqdadır. Bu prosesə korrupsiya ilə uğursuz mübarizəni də əlavə etsək, mənzərə çox tünd və ümidsiz olacaq.



Digər bir məsələ isə bir çox Ukraynalının beynində nə Rusiya, nə Donbasdakı separatçılar, nə də Kiyevdəki qondarma sülhpərəstlərin vətən uğrunda aparılacaq savaşda birmənalı olaraq düşmən və vurulması gərəkən hədəf kimi görünməsidir. Müharibədə isə əsas məsələ düşməninin kim olması mövzusunda tərəddüdlərin olmamasıdır. Tərəddüd varsa, qələbə mümkün deyil”. 

Onun fikrincə, separatizmdən əziyyət çəkən dövlətin işi heç də asan olmayacaq:

“Rəsmi Kiyevin beynəlxalq ictimaiyyətin deyil, beynəlxalq qüvvələrin, yəni NATO-nun, Aİ-nin dəstəyini alması elə də mümkün olmayacaq. Çünki ilk iki məsələdə Ukrayna demək olar, “imtahandan keçə bilmədi”.

Bunun nəticəsində beynəlxalq “oyunçular” da Ukraynaya dəstək verməkdə tərəddüd edirlər. Hətta əksinə, xaricdən dəstəyin olmaması səbəb, qalan məsələlər isə nəticədirsə, indiki vəziyyətə bunun aiddiyatı yoxdur – reallıq ortadadır: Donbasa hücum olacağı təqdirdə onu qoruyacağına, Rusiyanın varlığı qarşısında Ukraynaya hücum olacağı halda onu müdafiə edəcəyinə dair açıq mətnlə bəyanat verən bircə  dövlət ya da beynəlxalq təşkilat yoxdur.

Beləliklə, demək olar ki, Ukraynanın demokratik və vətənpərvər qüvvələri Ukrayna içində yalnızlaşdıqları kimi, Ukrayna özü də dövlət olaraq dünyada yalnızlaşıb. Belə olan halda, Ukraynaya dəstək əlini uzadacaq dövlət və ya qüvvə kim olmalıdır? Kim Rusiyanın doyumsuz torpaq iştahına "Dur!" deyə bilər? Avropanı və çağdaş dünyanı  şimaldan gələn orta əsrlərin qaranlığından kim mühafizə edə bilər”?

Partiya sədri Ukraynaya dəstək verəcək gücə də toxundu: 

“Sözsüz ki, bu qüvvə türklərdir. Geniş mənada türklər. Ukraynada yaşayan Krım tatarlarından başlayaraq, Rusiyanın içində yaşayan Kazan tatarlarına qədər. Ukraynaya Krım tatarlarından bir insanı prezident, baş nazir ya da müdafiə naziri vəzifəsinə gətirmək təklifi veriləndə ciddiyə alınmamışdı. Halbuki Krım tatarı prezident ya da baş naziri olan bir Ukrayna türk keneşindən, Türk Qurultayları platformalarınadək hər sahədə türk dünyasının bütün müstəvilərinə inteqrasiya ola bilərdi.

Ukraynanın Türk Dünyasının bir hissəsi olması Rusiyanın içində olan bütün türk xalqlarının Kremlin imperialist siyasətinə qarşı etirazına səbəb olardı.

Digər tərəfdən, istər MDB, istər KTMT, istərsə də AVRAZES-ə üzv olan türk respublikaları Rusiyanın Ukraynaya qarşı olan iqtisadi və siyasi münasibətinə əngəl olar, ya da ən azından dəstək verməyəcəklərini sərt dillə bildirərdi. Ancaq bunların heç biri olmayacaq. Çünki Ukraynada hakimiyyətə gələnlərin, demək olar,  hamısı onları Rusiya ilə təkbaşına üz-üzə qoyan Qərb dövlətlərinə bel bağlayırlar. Əfsus, ancaq gerçək budur”. 

A.Əsədli, həmçinin rəsmi Bakının mövqeyinə dair qənaətini də açıqladı:

“Azərbaycan cəmiyyəti olaraq, ukraynalıların hər iki Qarabağ savaşında bizə verdikləri dəstəyi, hər ikimizin eyni dövlətin siyasətindən əziyyət çəkdiyimizi, Türkiyə ilə birlikdə yeni Qafqazı inşa etdiyimiz kimi,  Xəzər-Qara-Aralıq dənizləri arasında yeni və daha ədalətli münasibətlərin qurulmasını istədiyimizi nəzərə alaraq, Ukrayna xalqını, o cümlədən Krım tatarlarını yalnız buraxmamalıyıq.

Cəmiyyətimizin bütün təbəqələri öz sahəsində Ukraynaya dəstəyini dilə gətirməli və bəyan etməlidir. Biz partiya olaraq, siyasi qüvvələrin Ukraynaya dəstəklə əlaqədar ortaq bir bəyanatla çıxış etməyini məqsədəuyğun sayırıq. Ukraynanın daxilindəki hadisələri onların daxili məsələsi kimi qəbul edib, hər hansı xarici müdaxilənin yolverilməzliyi və qınanması gərəkdiyini bəyan etməliyik. Ukrayna xalqı bilməlidir ki, ərazi bütövlüyü uğrunda apardığı mübarizədə yalnız deyil.

Rusiyanın imperialist, şovinist siyasətinə qarşı ərazi bütünlüyü müstəvisində mübarizə aparan hər bir dost ölkənin yanında olmaq və dəstəkləmək bizim siyasi strategiyamız olmalıdır”.