TƏKLİF: “Əmək Nazirliyi yaradılsın!” - Fəhlələr müdafiəsiz qalıb

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı fabriki olan “Rəmzi S” MMC-də bədbəxt hadisə baş verib. Fabrikdə fəhlə işləyən Usubov Adəm Famil oğlu dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla müəyyən edilib ki, A.Usubov fabrikdə işləyən zaman torpaq yığınının üzərinə tökülməsi nəticəsində hadisə yerində ölüb.
İş yerlərində fəhlə ölümləri çox sıx rastladığımız hadisələrdən biridir. İşçilərin təhlükəsizliyinə əməl edən şirkətlərin sayı olduqca azdır. Ən pisi isə budur ki, bədbəxt hadisədən sonra qanunvericiliyə uyğun olaraq müvafiq cəzalandırma tədbirləri görülsə də, dəyişən bir şey yoxdur. Sahibkarlar yenə də öz bildiklərini edir, bir sözlə, insan həyatı bəziləri üçün “ucuz”dur.



Baş verənləri “Sherg.az”a dəyərləndirən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, Əmək Məcəlləsinin 15-ci maddəsinə görə, bu məcəllənin idarə və müəssisələrdə yerinə yetirilməsinə nəzarəti Dövlət Əmək Müfəttişliyi edir:

“Məcəllənin 309-cu maddəsində yazılıb ki, idarə və müəssisələrdə Əmək Məcəlləsinin icra olunmasına ictimai nəzarəti reallaşdıran digər qurum Həmkarlar Təşkilatıdır. Lakin Əmək Müfəttişliyi və Həmkarlar Təşkilatı sanki “ölü”dür. Həmkarlar Təşkilatı hər ay fəhlənin əmək haqqından 1-2 faiz alır, amma onu müdafiə etmir.

Dövlət Əmək Müfəttişliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibindən çıxarılmalıdır və ölkəmizdə Əmək Nazirliyi yaradılmalıdır. Məhz Əmək Müfəttişliyinin qeyri-kafi işlərindən dəfələrlə şikayət yazmışıq.

Azərbaycan Əmək Məcəlləsinin 207, 215, 217, 218, 219 və 239-cu maddəsinə qədər, həmçinin Nazirlər Kabinetinin 27 saylı qərarının pozulması halları olur. İstehsalatda baş vermiş bədbəxt hadisələrin icbari sığortası haqqında qanun pozulur. Amma heç kəs bu qanun pozuntusunun monitorinqini aparmır, verilən ərizələrə reaksiya sıfırdır. İş yerlərində məhz bu qaydalara nəzarətsizlik ucbatından çoxlu sayda işçilər həlak olur. Həm sağlam iş yerlərinin yaradılmamasının, həm də müvafiq qoruyucu vasitələrlə təmin olunmamasının şahidi oluruq. Əmək Müfəttişliyi otağından çölə çıxmır, müşahidələr aparmır. Yoldan keçəndə tikinti yerlərində vəziyyətin nədən ibarət olduğunu görürük. İnsanlar müdafiəsiz qalıb”.

M.Qəhrəmanlı vurğulayıb ki, ölkəmizdə ən çox əmək və sosial hüquqlar pozulur:

“İnsanların iş yerində ölməsinə səbəb qeyd etdiyimiz qanunvericiliyin icrasına dövlət və ictimai nəzarətin olmamasıdır. Vətəndaşlarımız istehsalat sahəsində çalışarkən şikəst olur. Amma qeyd edirlər ki, hadisə işçinin təqsiri və səhlənkarlığı ucbatından baş verib”.