“Paşinyan siyasətini Kremlin istədiyi kimi qurmasa...” – AKTUAL 

“Yəqin ki, Putin Ermənistandakı digər siyasətçilərə dəstək verəcək”


Məlum olduğu kimi, dünən Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Tərəflər bir çox məsələləri müzakirə ediblər. Paşinyanın Putinin onun atasının adını səhv deyərkən reaksiya göstərməməsi isə çox şeydən xəbər verir. Kifayət qədər çox şeydən...

Qərbə meyil edən Ermənistan baş nazirinin Rusiya silahları barədə dedikləri, bəlkə də, onun öz “ölüm fərmanına” qol çəkməsi imiş. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu sözügedən görüşün nəticələri barədə qənaətini “Sherg.az”la bölüşdü: 
“10-15 günə daha dəqiq fikir bildirmək olar. Lakin Köçəryanla Putin arasındakı  danışıq təsadüfi deyildi. Həmçinin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təxminən iki həftə əvvəl Köçəryan haqqında sadəcə adi siyasətçi kimi danışmışdı.

Amma son çıxışında onu, necə deyərlər, yerə-göyə sığdıra bilmədi. Görünür, Putin Paşinyana artıq inanmır.

Onda Ermənistan baş nazirinə qarşı şübhə yaranıb. Əgər yaxın günlər ərzində Paşinyan öz siyasətini Kremlin istədiyi kimi qurmasa, yəqin ki, Putin Ermənistandakı digər siyasətçilərə dəstək verəcək”.