Neftin qiyməti nə 40 dollar oldu, nə də 100 dollar...

Bugünədək mütəxəssislər tərəfindən verilən proqnozların heç biri özünü doğrultmayıb

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il xam neftin bir barelinin orta qiyməti 41,7 faiz artaraq 58,52 ABŞ dolları təşkil edəcək. "World Economıc Outlook" hesabatının aprel buraxılışında 2022-ci ildə neftin orta qiyməti 6,3 faiz azalaraq 54,83 dollara enəcək. BVF 2021-ci ildəki gözlənən artımın əsas səbəbləri kimi, bazarda azalmış təklifin (OPEC və "OPEC+" çərçivəsində mövcud hasilat məhdudiyyətləri), qlobal neft ehtiyatlarının tədricən azalması və tələbin artmasını göstərir.

Bundan əlavə, BVF bildirib ki, 2020-ci ilin avqust və 2021-ci ilin fevral ayları aralığında neftin orta qiyməti 39 faiz artıb. Artımın əsas drayveri Asiyada COVİD-19-a qarşı vaksinasiyanın sürətlə yayılmasının əhəmiyyətli iqtisadi bərpaya yol açması olub.

Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban "Şərq"ə açıqlamasında qeyd edib ki, bugünədək ümumiyyətlə, bir çox mütəxəssislər tərəfindən verilən proqnozların heç biri özünü doğrultmayıb: "Bir çox insanlar proqnoz edirdilər ki, neftin qiyməti 40 dollardan aşağı düşəcək. Kimisi isə əksinə, 100 dollar olacağını qeyd edirdilər. Yəni söhbət ilin əvvəlindən gedir. Amma deyilənlər heç də özünü doğrultmadı. Bir məsələni qeyd edim ki, neftin orta qiymətinin real olaraq 60 dollar olması gözlənilir".