"Metsamor"un hazırkı vəziyyəti çox təhlükəlidir

Paşinyan mövzunu gündəmə gətirməklə həm də xaricdən maliyyə dəstəyi umur


Ötən gün Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Kremldə baş tutan təmasda Paşinyan Ermənistanda Rusiyanın iştirakı ilə yeni atom elektrik stansiyasının (AES) tikintisi məsələsini müzakirə etmək niyyətində olduğunu deyib.
Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, Paşinyanın bu addımı atmasının bir neçə məqamı var:

"Bildiyimiz kimi, Ermənistanda olan "Metsamor" AES-in atom reaktorlarının hazırkı vəziyyəti çox təhlükəlidir. Onun hər hansı reaktorunun sıradan çıxması regionda, bütövlükdə Cənubi Qafqaza çox öldürücü təsir göstərə bilər. İlk olaraq bu məsələləri həll etmək lazımdır. Onun ən üst səviyyədə təhlükəsizliyi təmin olunmalıdır.

İkinci məsələ görünür ki, Ermənistan "Metsamor"dan artıq imtina etməlidir, yəni artıq onun alternativ enerjiyə ehtiyacı var". 

Ə.Əlibəyli əlavə edib ki, ümumiyyətlə, AES-lərin tikintisi bir az beynəlxalq təhlükəsizlik məsələsidir:

"Paşinyanın belə addım atması Qərbdən hansısa maliyyə cəlb etmək niyyəti də daşıya bilər. Həmçinin lobbi dəstəyi verilsin. Ümumiyyətlə, fikrimcə, yeni AES-in tikintisi həqiqətən də yeni təhlükəsizlik problemlərinin meydana çıxmasına səbəb olacaq".