Ölkənin bütün sürücüləri narazıdır 

Azərbaycanda qanuni parklama sistemi yoxdur. Amma qanunsuz parklanma ilə bağlı cərimə sistemi qurulub və aktivdir

"Elə yerlər var ki, səhər kim tez yuxudan dursa, "parkovka"nın idarəedicisi o hesab olunur"


Uzun müddət keçməsinə baxmayaraq, ölkəmizdə həllini tapmayan problemlərdən biri də məhz parklama sistemi ilə bağlıdır. Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanı ilə BNA-ya parklamaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydalar müəyyən etmək tapşırılıb. Lakin illərdi ki, gün ərzində avtomobilləri park edən zaman həmin yerlərdə əraziyə nəzarət edən, sürücülərdən parklama üçün ödəniş tələb edən müəyyən şəxslərin dayandığının şahidi oluruq. Sözügedən ərazidə hərəkətə nəzarət edən bu şəxslərin kimliyi təbii ki, sual doğurur.

Ötən gün isə yol polisləri tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə reydlər təşkil edilib. Polis əməkdaşları tərəfindən həmin sürücülər, həmçinin dayanma-durma qaydalarını kobud şəkildə pozan digər nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılması təmin edilib. 



Mövzu ilə bağlı "Şərq"ə danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycanda qanuni parklama sistemi yoxdur. Amma qanunsuz parklanma ilə bağlı cərimə sistemi qurulub və aktivdir:

"Qısa bir araşdırma ilə müəyyən etmək olur ki, nəinki inkişaf etmiş ölkələrdə, elə MDB məkanına daxil olan ölkələrin əksərində, böyük şəhərlərdə parklama ilə bağlı məsələlər çoxdan həllini tapıb. Bu ölkələrin əksəriyyəti, nəinki böyük parklama ərazilərini, hətta küçələrdə, evlərin və müxtəlif inzibati binaların ətrafında olan parklama yerlərini vahid bir informasiya sistemində birləşdiriblər, pullu və pulsuz olanları fərqləndiriblər. Məlumatlandırma və monitorinq sistemləri qurublar. Bizdə vəziyyət necədir? Maraqlıdır ki, uzun müddət keçməsinə baxmayaraq ölkəmizdə həllini tapmayan problemlərdən biri də məhz parklama sistemi ilə bağlıdır. Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanı ilə BNA- ya parklamaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydalar müəyyən etmək tapşırılıb. Ötən müddət ərzində Bakı şəhərində bir xeyli "parkovka" yerləri müəyyən edilib. Lakin vahid bir sistem ortada yoxdur".

O.Gündüz vurğulayıb ki, qəribə də olsa, indiyədək əksər "parkovka" yerlərindən yığılan pulların BNA-ya aidiyyəti yoxdur:

"Ümumiyyətlə, BNA bildirir ki, parklamadan yığılan pullar tam olaraq qanunsuzdur. Bütün səlahiyyətlər, yığılan vəsaitlər hansısa bir X şirkətinin kontrolundadır. Səbəb də ondan ibarətdir ki, hökumət saat hesabı parklama tariflərini 4 ildir ki, müəyyən edə bilmir. BNA rəsmisi dəfələrlə bildirib ki, Prezident fərmanının icrası ilə bağlı, parklanma yerləri üçün qanuni prosedurların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə müraciət edilib.

Hökumət isə göründüyü kimi uzun müddətdir ki, bu problemi həll etmək istəmir. Elə yerlər var ki, səhər kim tez yuxudan dursa, "parkovka"nın idarəedicisi o hesab olunur. Bəzən müşahidə etmək olar ki, kimsə dövlətə məxsus olan parklanma ərazisinə şlaqbaum yerləşdirir".

Ekspert diqqətə çatdırıb ki, bütün parklanma yerlərini vahid bir sistemdə birləşdirmək, vahid tariflər müəyyən etmək, bununla bağlı bir mobil tətbiq hazırlamaq və normal bir ödəniş sistemi qurmaq zamanı çoxdan çatıb. Ümid edək ki, cari ildə nəhayət ki, bu problem də öz həllini tapacaq.