Laçın şəhərinə giriş imkanları genişlənəcək

Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinin çox böyük əhəmiyyəti olacaq   

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ermənistanın işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirir. Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. 

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında Xudafərin-Qubadlı-Laçın yolunun əhəmiyyətindən danışıb. Ekspert vurğulayıb ki, Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi sona çatdırıldıqdan sonra onun tək iqtisadi yox, həm də siyasi əhəmiyyəti olacaq:

"Çünki dəhliz də Laçın şəhərində yerləşir. Bunu nəzərə alaraq, demək mümkündür ki, Azərbaycanın cənub hissəsindən Laçın şəhərinə giriş imkanları genişlənəcək. Təbii ki, bunun da həm strateji, həm siyasi, həm də iqtisadi əhəmiyyəti var. Bu yolun tikintisi bitdikdən sonra regionun ümumi koordinasiyalı şəkildə inkişafı ilə bağlı işlərin görülməsi daha da asanlaşacaq. Çünki işğaldan azad olunmuş torpaqlarımızda iqtisadiyyatı gücləndirmək lazımdır. Burda logistika çox önəmli rol oynayır. Logistikanın da əsas əhəmiyyəti ondan ibarət olmalıdır ki, regionda yerləşən rayonların və şəhərlərin bir-birilə sıx əlaqəsi olsun. Bu zaman iqtisadi fürsətlər daha da genişlənə bilər".