İstehsalatda baş verə biləcək bədbəxt hadisələr azalacaq 

Gərək dövlət standartlarına da güclü nəzarət olsun 


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata əsasən, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə dövlət standartı qəbul edilib.
Bu sahədə sahibkarlara dəstək göstərilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 45001 "Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi" dövlət standartı qəbul edilərək Dövlət Fonduna daxil edilib.

Həmin standart əmək sağlamlığı və təhlükəsizliyi sistemini yaratmaq və həyata keçirmək istəyən istənilən təşkilat tərəfindən tətbiq edilə bilər.

Qəbul olunmuş standart barədə "Şərq"ə danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, istehsalatda bu prosesi həyata keçirmək üçün sahibkarların marağı olmalıdır:

"Yeni qəbul olunmuş standart beynəlxalq standartların bazası əsasında yaradılıb. Bu standart iş yerlərində, istehsalatda sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasını daha da  təkmilləşdirmək üçün nəzərdə tutulub. Təbii ki, iş yerlərində mütləq sağlam əmək şəraiti yaradılmalıdır ki, işçilər hər hansı bədbəxt hadisə nəticəsində xəsarət almasın və peşə xəstəliklərinə məruz qalmasınlar.

Ona görə də bu standartın tətbiq olunması çox müsbət haldır. Əsas məsələlərdən biri də bu standart ilə iş yerlərində və istehsalatda istifadə olunan avadanlıq, qurğu və mexanizminlərin daha müasirləri ilə əvəz olunması, iş prosedurunun daha optimallaşdırılması, iş vaxtının daha səmərəli olmasını təmin etməkdir.

Bu cəhətdən də həmin standartın qəbul olunması çox müsbətdir. Ancaq gərək bu prosesin təqdimatı edilsin və sahibkarlar bununla tanış olsunlar. İstehsalatda bu standartları həyata keçirmək üçün sahibkarların marağı olmalıdır.

Əgər həmin standart bütün iş yerlərində tətbiq olunmayacaqsa, ya da ona düzgün nəzarət mexanizmi qurulmayacaqsa, burda işin səmərəliliyindən söhbət gedə bilməz".