Paşinyan Putinin "ayaqlarına düşüb"

 Baş nazir seçkilərdə qalib olmaq üçün bütün imkanlarını səfərbər edib 

Paşinyan Moskva səfərindən maksimum nəticələrlə geri dönməyi ümid edirdi. Baş nazirin görüşdə əsas tələbinin “əsirlərlə” bağlı olacağı əvvəlcədən məlum idi


Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşün nəticələri məlum olub. Görüş zamanı Putin Ermənistanın inkişafı üçün bölgədə kommunikasiyalar üzərindən blokadanın götürülməsinin vacibliyini qeyd edib. Kreml rəhbərinin sözlərinə görə, regionda iqtisadi-ticarət əlaqələri və nəqliyyat marşrutlarının bərpa olunması Ermənistanın inkişafı üçün yeni imkanlar yaradacaq.

Növbədənkənar seçki öncəsi Moskvaya səfər edən Baş nazir Nikol Paşinyan Putinlə görüşünü “çox intensiv və məhsuldar” adlandırıb: “Üç saat yarımlıq görüşdə Vladimir Putinlə bir çox məsələni müzakirə etdik. Heç bir razılaşma imzalanmamasına baxmayaraq görüş məhsuldar keçdi”. Paşinyan hər görüşdə olduğu kimi bu dəfə də Azərbaycan tərəfindən şikayətlənib. Baş nazir rəsmi Bakının 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə “əməl etmədiyini” iddia edib. Növbəti dəfə “əsir və girovlar” məsələsini qabardaraq, müharibədən sonra Azərbaycan əsgərləri tərəfindən yaxalanan erməni diversantlarının qaytarılmamasından gileylənib. 

Görüşlə bağlı fikirlərni “Şərq”lə bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya səfəri və Prezident Vladimir Putinlə görüşü seçkiqabağı kampaniya dövründə baş tutdu. Analitik səfərə daha çox bu prizmadan yanaşmaq lazımdır:

"Paşinyan Moskva səfərindən maksimum nəticələrlə geri dönməyi ümid edirdi. Baş nazirin görüşdə əsas tələbinin “əsirlərlə” bağlı olacağı əvvəlcədən məlum idi. Çünki hazırda Ermənistan cəmiyyətinin və ona qarşı olan müxalif güclərin gündəmdə saxladığı və baş nazirin qarşısına qoyduğu məsələ həbs olunan erməni terrorçuların Yerevana qaytarılmasıdır. Rəsmi Bakı tamamilə haqlı olaraq erməni əsgərlərini əsir hesab etmir və onları geri vermək niyyətində olmadığını vurğulayır. Paşinyan isə hər fürsətdə Putindən xahiş edir ki, Kreml rəhbəri Azərbaycana təzyiq göstərsin və terrorçuların azad olunmasına yardımçı olsun”. 

İ.Vəlizadə vurğulayıb ki, Paşinyan Yerevanla Moskva arasında sıx təmasların olduğunu göstərmək istəyir:

“Elə görüntü yaratmaq istəyir ki, guya, Kreml rəhbəri gələcək münasibətlərini Robert Koçaryanla deyil, Paşinyanla qurmaqda maraqlıdır. Məlumdur ki, bir həftə öncə Putin-Koçaryan görüşü reallaşıb. Ermənistan müxalifəti iddia edir ki, Rusiyanın əsas seçimi Koçaryandır. Paşinyanın məqsədi bu iddianın əsassız olduğunu göstərməkdir.

Daha doğrusu, bu cür təsəvvür formalaşdırmaqdır. Baş nazir üçtərəfli bəyanatın yerinə yetirilməsində özünü Kremlin ən etibarlı tərəfdaşı sayır.

Paşinyan Koçaryanın revanşist mövqedə olmasından öz xeyrinə istifadə edir. Görüşdə Paşinyan daha çox gələcək planlardan, təşəbbüslərdən danışır, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparırdı.

Baş nazir hesab edir ki, gələcəklə bağlı hansısa ilkin razılıqlar əldə edərsə, Putindən vəd alarsa, deməli Kreml onun hakimiyyətdə qalacağına imkan verəcək”.