Ukrayna böyük sınaq qarşısındadır 

Bir də ərazilərini itirsə dövlət kimi parçalana bilər 


Ukrayna və Rusiya arasında gərginlik davam edir. Durum həddindən artıq kritikdir. Kiyev rəsmən NATO-nu öz hava məkanında birgə patrul nəzarəti təşkil etməyə çağırıb. Rusiya isə Krım və Donbass istiqamətinə ordu cəmləməyə davam edir. Tərəflər eyni zamanda kütləvi informasiya vasitələri üzərindən bir-birinə qarşı “əsəb müharibəsi” aparır, psixoloji qıcıq yaradan, təhrikedici açıqlamalar verirlər. Dünəndən etibarən Ukrayna hərbçiləri Donetsk ətrafı əraziləri 120 mm-lik minaatanlardan atəşə tutur.

Separatçıların qarşılığı nəticəsində Ukrayna hərbçilərindən biri qəlpə yarası alıb. Bu arada Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Putin Kiyevin məqsədyönlü şəkildə Donbassda vəziyyəti qızışdırdığını bildirib. O, Kiyevin Donbassla bağlı razılaşmalara əməl etməsi gərəkdiyini vurğulayıb. 

İki ölkə arasındakı gərginliyi “Şərq”ə təhlil edən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, proseslər bu cür artan templə davam edərsə, hərbi əməliyyatların genişlənməsi qaçılmaz olacaq:

“Əlbəttə, mövcud gərginliyin genişmiqyaslı hərbi əməliyyatlar fazasına keçməsini əsla istəməzdik. Çünki hər iki ölkə ilə çoxşaxəli əlaqələrə malikik və hər iki ölkə müttəfiqimiz sayılır. Lakin hadisələrin gedişinə, proseslərin inkişafına bizim istəyimiz yox, bu iki ölkənin hər birinin geopolitik və milli maraqları yön verəcək. Yekun nöqtəni də rəsmi Moskva və Kiyev qoyacaq. İlk baxışdan, tərəflərin hər biri öz-özlüyündə “haqlı” kimi görünür. Lakin prosesdə əsas haqlı tərəf sözsüz ki, Ukraynadır. Çünki söhbət Ukraynanın ərazi bütövlüyünü bərpa etmək, Krımı geri almaq, Donbassda və digər məntəqələrdə separatçılıq meyillərinə son qoymaq istəyindən gedir. Bu istəyini ortaya qoymaq Ukraynanın təbii haqqı, hüququdur. Ona görə də Ukrayna bu gün böyük sınaq qarşısındadır. Əgər savaş başlayarsa, Ukrayna bu savaşda mütləq qalib gəlməlidir. Kiyev qələbə qazanmağa məhkumdur, çünki başqa yolu yoxdur. Əks halda, Ukrayna yeni ərazilərini də itirə və ümumiyyətlə, bir dövlət kimi tamamilə parçalana bilər”.