“Birgə təlimlərin sayı artacaq” - Türkiyə ordu modelinə keçid!

Dünən Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən, hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayır. Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkədə təşkil olunacaq təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçiriləcək.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.



Təlimlərin hər iki ölkə üçün əhəmiyyətini "Sherg.az"a sadalayan hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirib ki, Vətən müharibəsi başa çatdıqdan sonra ilk dəfə Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə Azərbaycan ərazində əməliyyat-taktiki təlimləri keçirilir.
Ekspertin sözlərinə görə, bu təlimlər Azərbaycanla-Türkiyə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın artan dinamika ilə inkişafının göstəricisidir:
"Azərbaycan Ordusunun gələcəkdə türk ordu modelinə keçməsi ilə bağlı belə təlimlərin sayında ciddi artım gözlənilir.
Bu təlimlər Türkiyə və Azərbaycan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətlərinin təkmilləşdirilməsi və hər iki ordunun döyüş qabiliyyətinin yüksəldilməsində mühüm əhəmiyyət daşıyacaq. Hazırlıqlar istənilən halda Azərbaycan-Türkiyə münasibətlərinin hərbi sahədə də inkişafına mühüm töhfə verəcək".