Metro açılır? - Bilindi

"Ondan hamı istifadə etməlidir, yalnız vaksin olunanlar deyil"

"İnsan hüquqlarını və vətəndaş bərabərliyini heç bir dərman müəyyən edə bilməz"


Ötən gün Milli Məclisin deputatı Afət Həsənova vaksin olunmuş şəxslərin metroya girişinin sərbəst olması ilə bağlı təklif irəli sürüb. O qeyd edib ki, bu gün Bakıda sərnişin sıxlığının aradan qaldırılması üçün metronun açılmasına ciddi ehtiyac var, lakin metroda yoluxmaya münbit şərait olduğu üçün hələki onun fəaliyyətini bərpa etmək olmur:

“Düzdür, bu gün Bakı Nəqliyyat Agentliyi kifayət qədər yaxşı işləyir. Lakin metronun işləməməsi istər-istəməz sıxlığın yaranmasına səbəb olur. Ancaq gələcəkdə yalnız vaksin olunmuş şəxslərin buraxılması şərtilə metronun fəaliyyətinin bərpa edilməsi mümkün ola bilər, yəni tam vaksinasiya olunmuş şəxslərin metrodan sərbəst şəkildə istifadə etməsi üçün şərait yaradıla bilər.

Hesab edirəm ki, insanlar vaksinasiya prosesində aktiv iştirak etməli, vaksin olunanların sayı artmalıdır ki, bu cür qərarların qəbul edilməsi üçün şərait yaransın”.



Təklifə münasibət bildirən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, o, bu təkliflə razılaşmır. Ekspert qeyd edib ki, belə bir təklif yolverilməzdir:

"İnsan hüquqlarını və vətəndaş bərabərliyini heç bir dərman müəyyən edə bilməz. Bəli, müxtəlif obyektiv səbəblərdən vaksin olunmayan insanlar var. Onların hüququnu kim və nə adla poza bilər ki? Bundan başqa, əgər vaksini istehsal edən şirkət özü ağır fəsadlar yaratmayacağına qarantiya vermirsə və vaksin olunanın da təkrar yoluxa biləcəyini deyirsə, vətəndaşları nədə və necə ittiham etmək olar? Bununla bağlı dünyada saysız-hesabsız faktlar da var. Yaxşı olardı ki, deputatlar belə bəyanatlardan əvvəl məsələyə  hüquqi və məntiqi cəhətdən yanaşsınlar. Ya da bircə dəfə şəhərdaxili avtobuslara minsinlər. Ordakı biabırçı, təhlükəli vəziyyəti görüb aradan qaldırılması üçün çalışsınlar". 

E.Bayramlı metronun açılmasının çox vacib olduğuna da diqqət çəkib:

"Fikrimcə, metro dərhal açılmalıdır və ondan hamı istifadə etməlidir. Hesab edirəm ki, metroda da qorunma tədbirlərinə riayət etmək mümkündür. Əks halda avtobuslardakı dəhşətli sıxlıq yoluxmanın daha da artmasına səbəb olacaq".