Vahid reyestr sisteminin yaradılması müsbət addımdır 


Bundan sonra bəlli olacaq ki, ölkədə nə qədər KİV qurumu və jurnalist var
“Media haqqında” qanun layihəsində media reyestrinin formalaşdırılması, jurnalistlərin peşə bacarıqlarının artırılması, informasiyanın məzmununa dair tələblərin müəyyən olunması kimi normativ müddəalar nəzərdə tutulmaqdadır". Bunu açıqlamasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru, qanun layihəsinin hazırlanması ilə bağlı yaradılan İşçi Qrupunun üzvü Əhməd İsmayılov bildirib. Ə.İsmayılov hazırda İşçi qrupda bu məsələlərin müzakirəsinin aparıldığını söyləyib:

“Media reyestri elektron xidmətlərin göstərilməsi, media subyektlərinə dövlət tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması, ümumən Azərbaycanda media sahəsində ümumi sistemin formalaşdırılması üçün nəzərdə tutulur. Belə bir reyestrin formalaşdırılması gələcəkdə jurnalistlərə güzəşt, digər sosial tədbirlərin jurnalistlərə tətbiq olunması üçün daha səmərəli bir vasitə ola bilər”.

Məsələni "Şərq"ə dəyərləndirən Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib ki, bugünədək Azərbaycanda kütləvi informasiya vasitələrinin qeydiyyatı müxtəlif qurumlar tərəfindən həyata keçirilib. O qeyd edib ki, ona görə də vahid reyestr xidməti olmayıb:

"Yəni ölkədə nə qədər KİV qurumu fəaliyyət göstərir, nə qədər jurnalist var, habelə bunların statusu nədir və s. bütün bunlarla bağlı belə deyək ki, ümumi rəqəmlər olsa da, onları konkretləşdirmək mümkün olmayıb. Məsələnin ikinci tərəfi isə bu cür konkretliyin olmaması KİV-lərdə sui-istifadəyə yol açıb. Yəni bu gün baxırıq ki, bəzi adamlar var ki, onlar sosial şəbəkələr üzərindən özünün profilini yaradıb. Orada iki xəbər paylaşır və özünü kütləvi informasiya vasitəsi elan edir. Sosial şəbəkədə sadəcə profilin olması hələ ki, kütləvi informasiya vasitəsi standartı demək deyil. Bunlar fərqli-fərqli məsələlərdir. Amma insanlar sui-istifadə eləmək üçün bu cür hallara yol verirlər". 

M.Ələsgərli “Media haqqında” qanun layihəsi ilə tanış olduğunu vurğulayıb və diqqətə çatdırıb ki, vahid reyestr sisteminin yaradılması çox müsbət addımdır:

"Təbii ki, bu, vahid reyestr sisteminin yaradılmasından sonra bəlli olacaq ki, ölkədə nə qədər KİV qurumu və jurnalist var. Ən azından statistik məlumatlar əldə olunacaq və KİV qurumlarının standartları müəyyənləşəcək. Yəni indiyə qədər ortalıqda olan bu boşluqlara aydınlıq gətirilmiş olacaq. Həmçinin qeyd edim ki, dövlətin media ilə bağlı müəyyən proqramları, güzəştləri olur. Bu proqramlar tətbiq olunacağı halda hansı jurnalistin istifadə edəcəyi də müəyyənləşəcək. Bu baxımdan hesab edirəm ki, vahid reyestr sisteminin yaradılması ölkədəki KİV-lərlə bağlı standartların müəyyənləşməsinə fayda verəcək. Bu da media sayəsində çalışan peşəkarlar üçün çox mühüm amillərdən biridir".