Paşinyan Rusiyadan dəstək almağa çalışır 

"Amma Rusiya üçün mahiyyət etibarı ilə Ermənistanda hakimiyyətdə kimin olmasının əhəmiyyəti yoxdur"


Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin ötən gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirilib.

Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb. 

Aprelin 7-də isə Moskvada Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüş zamanı Vladimir Putin Ermənistanın inkişafı üçün bölgədə kommunikasiyalar üzərindən blokadanın götürülməsinin vacibliyini qeyd edib. Kreml rəhbərinin sözlərinə görə, regionda iqtisadi-ticarət əlaqələri və nəqliyyat marşrutlarının bərpa olunması Ermənistanın inkişafı üçün yeni imkanlar yaradacaq: “İkitərəfli münasibətlərlə bağlı müzakirə olunmalı məsələlər var. Bu həm ikitərəfli münasibətlərin quruculuğuna və əlbəttə ki, ən aktual və ən kəskin problemlər olan Dağlıq Qarabağ və ətrafında vəziyyətin normallaşmasına aiddir”. Putinin sözlərinə görə, strateji xarakter daşıyan ikitərəfli münasibətlərlə bağlı geniş danışmağa ehtiyac yoxdur. Kreml rəhbəri əlavə edib ki, az öncə Rusiyanın baş nazir müavini Ermənistanda səfərdə olub: “O, regionun inkişafı istiqamətlərində tam olaraq müzakirələr aparıb. Vacib olan iqtisadi-ticari marşrutların bərpası imkanlarıdır. Bununla Ermənistan yeni inkişaf imkanları əldə edəcək. Mənim fikrimcə, bu, fövqəladə vacib məsələdir”. 

Paşinyanın “Moskva Hyatt”da verdiyi açıqlamalar Ermənistan baş nazirinin Kremldəki görüşünün necə keçdiyini az da olsa müəyyən etməyə imkan verir. Erməni diasporunun nümayəndələrinin qarşısına keçən Paşinyan dərhal Vladimir Putinlə görüşünün nəticələrindən çox razı qaldığını deyib. Putinlə ilk dəfədir 3 saat 50 dəqiqə davam edən görüş keçirən Nikol Paşinyan onunla demək olar ki, gündəmdəki bütün məsələlər və nüansları müzakirə edə bildiklərini söyləyib:

“Onu deyə bilərəm ki, ümumilikdə görüşün nəticələrindən çox razıyam. Əlbəttə, Rusiya Prezidenti ilə çox açıq münasibətlər formalaşıb, özəlliklə, son aylarda münasibətlər birbaşa xarakter alıb. Bu gün biz ikitərəfli gündəmdəki bütün məsələləri müzakirə etdik, regional və hətta beynəlxalq münasibətlər məsələlərinə də toxunduq. Görüş məhsuldar keçdi. Biz sənəd imzalamadıq, amma bəzi sənədləri, o cümlədən təhlükəsizlik sferası, əvvəl imzalanmış sənədlərin reallaşdırılmasını müzakirə etdik. Siz bilirsiniz ki, bizim müştərək erməni-rus hərbi kontingenti, hava hücumundan müdafiə üçün ümumi regional sistem haqqında razılaşmamız var. Rusiya Prezidenti ilə bu razılaşmaların yeni situasiyada reallaşdırılmasının konkret mexanizmləri və planı müzakirə edildi”. Paşinyan çıxışında bir çox məsələlərə toxunsa da, regional kommunikasiyaların açılması məsələsinə yalnız bir cümlə ilə toxunaraq, yayınmağa çalışıb. Halbuki, görüşün ictimaiyyətə təqdim edilən görüntülərində Rusiya lideri regional kommunikasiyaların tam bərpasının müzakirənin əsas prioriteti olacağını elan etmişdi. Ermənistan Baş naziri Nikol Paşiyan Putinlə görüş zamanı Rusiya sülhməramlı qoşunlarının Qarabağda olmasını bölgədə sabitlik və təhlükəsizliyin önəmli amilinə çevrildiyini bildirib. Rusiyanın bölgədə atəşkəsin bərpa olması və blokadaların aradan qaldırılması üçün rolunu yüksək qiymətləndirib. Ancaq Paşinyan 10 noyabr bəyanatının şərtlərinin yerinə yetirilmədiyindən gileylənib. O, “hərbi əsir, girov” və başqa saxlanılan şəxslərlə bağlı məsələnin həll olunmadığını bildirib: “Biz dəfələrlə müzakirə etmişik ki, 9 noyabr bəyanatına əsasən bütün girovlar, hərbi əsirlər və başqa saxlanılan şəxslər vətənə qaytarılmalıdır. Təssüf ki, indiyə kimi Azərbaycanda bizim saxlanılan şəxslərimiz var”. Paşinyan Putinlə "hərbi əməkdaşlığın bəzi nüanslarını" müzakirə etmək istədiyini də deyib.

Sirr deyil ki, Paşinyanın görüşdən əvvəl “əsirlər” barədə dediyi erməni cəmiyyətinə ünvanlanmışdı. Paşinyan bununla göstərmək istəyirdi ki, erməni cəmiyyətini narahat edən mövzunu Rusiya prezidenti ilə geniş müzakirə edib. Halbuki, Putin görüşdən əvvəl bu barədə heç nə demədi və görünür, mövzu Moskvanı o qədər də narahat etmir. Ancaq bu mövzunu səsləndirmək parlament seçkisi öncəsi Paşinyana hava-su kimi lazımdır. Baş nazirin səfəri fonunda Moskvada heç bir sənəd imzalanmadı. Çünki indiki halda Moskvaya Azərbaycanla Ermənistan arasında nəqliyyat xətlərinin açılması lazımdır. Vladimir Putinin Paşinyandan bir gün əvvəl əsas rəqibi Robert Koçaryanla 1 saatlıq müzakirəsi də göstərir ki, Kreml alternativlər üzərində düşünür. Paşinyanı ən çox narahat edən məqam da budur. 

Reallıq odur ki, üçtərəfli razılaşmanın əksər müddəaları yerinə yetirilib, yaxud yetirilməkdədir. Lakin 4-cü bənd hələ də öz həllini gözləyir ki, bu da erməni silahlı qüvvələrinin bölgədə qalmasıdır. Bu müddəanın yerinə yetirilib-yetirilməməsi bölgədəki proseslərin inkişafını müəyyən edəcək faktordur. Hazırda Yerevan “hərbi əsir” adlandırdığı terrorçuların qaytarılmasına çalışır. Moskva kommunikasiyanın açılmasına səy göstərir. Rəsmi Bakı üçün isə ilkin məqsəd erməni silahlılarının Qarabağdan tamamilə çıxarılmasıdır. 

Lakin Putin-Paşinyan görüşündən sonra gün ərzində maraqlı hadisələr baş verib. Paşinyan Putinlə görüşdükdən sonra Yerevanda Rusiyanın baş prokuroru İqor Krasnovu qəbul edib. Krasnov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək məqsədilə Yerevandan Bakıya gəlib. Görünür, Kreml Krasnovu xüsusi missiya ilə Bakı və Yerevana göndərib.

Böyük ehtimalla Rusiyanın baş prokuroru Paşinyanın xahişi ilə “əsirlər” məsələsiylə bağlı danışıqlar da aparıb. Həmin gün erməni mediası və bəzi deputatlar Bakıya gedən təyyarənin havada olduğu və tezliklə “əsirlərlə” bərabər Yerevana enəcəyi xəbərlərini yayıblar. Lakin təyyarə hava limanına sərnişinsiz eniş edib. Ermənistan baş nazirinin müavininin mətbuat katibi Njde Ovsepyan açıqlama verərək təyyarənin içində heç bir “erməni əsirin” olmadığını yazıb. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında “hərbi əsirlər mövzusunun bağlandığını” söyləyib.  

Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu “Şərq”ə açıqlamasında vurğulayıb ki, Ermənistan baş nazirinin Moskva səfəri Paşinyanın istəyi ilə reallaşmış kimi təqdim edilməməlidir. Deputatın sözlərinə görə, bu cür səfərlər adətən daha güclü tərəfin, Rusiyanın iradəsi ilə baş tutur:

“Məsələ ondadır ki, Ermənistanda iyun ayının 20-də növbədənkənar seçkilər keçiriləcək. Aprel ayında Paşinyan istefaya gedəcəyini bəyan edib. Bu baxımdan səfərin məhz indiki dönəmə təsadüf etməsi müəyyən qarşılıqlı razılaşma əsasında baş verib. Paşinyan seçkilərdə qalib olacağına əmindir. “Gullup” şirkətinin Ermənistanda keçirmiş olduğu sorğuların nəticəsi baş nazirin əminliyini daha da gücləndirir. Sorğu nəticəsində ortaya çıxdı ki, ümumiyyətlə, Ermənistan cəmiyyətində heç bir siyasi təşkilata etimad yoxdur. Bununla yanaşı, Paşinyanın tərəfdarlarının daha çox olduğu üzə çıxdı. Paşinyan hesab edir ki, əgər seçkidə qələbə qazanarsa, ölkə müxalifəti onun hakimiyyətdə sakit qalmasına yenə də imkan verməyəcək. Ermənistan cəmiyyətində də mövcud olan ictimai rəy ondan ibarətdir ki, hətta Paşinyan qələbə qazansa belə hakimiyyəti dinc idarə edə bilməyəcək. Ermənistanda siyasi qarşıdurma daha kəskin müstəviyə keçəcək. O baxımdan hesab edirəm ki, Paşinyan Rusiyadan müəyyən dəstək almağa çalışır. Amma bu dəstəyi çox qabartmaq istəmir. Çünki məhz Paşinyan sayəsində Ermənistanda kifayət qədər anti-Rusiya mövqeyi mövcuddur. Moskvadan dəstək alan namizəd Ermənistan cəmiyyətinin əksər hissəsi tərəfindən sevilmir. Paşinyan bu səfəri “məhsuldar” adlandırsa da, əslində heç bir nəticə əldə etməyib. Nəzərə almaq lazımdır ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryanla Rusiya Prezidenti V.Putin arasında telefon danışığı reallaşdı. Putinin mətbuat katibi Peskov bildirdi ki, belə təmaslar sıx-sıx baş verib. Paşinyan onun da Putinlə münasibətinin yaxşı olduğuna eyham vuraraq, görüşün “məhsuldar” keçdiyini söyləyib. Əslinə qalsa, Paşinyan gözəl bilir ki, Putin Paşinyana etimad etmir”. 

E.Mirbəşiroğlu vurğulayıb ki, Rusiya üçün 10 noyabr bəyanatının şərtlərinə əməl olunması vacibdir:

“Məlum sənədin altında Putinin də imzası var. Əgər üçtərəfli razılaşmanın şərtlərinə əməl olunmazsa, bəyanat əhəmiyyətsiz kağız olaraq qalarsa, bu, Rusiyanın beynəlxalq imicinə böyük zərbə vuracaq. Rusiya bu zərbədən yayınmağa çalışır. Ona görə də ən azından Paşinyanın hakimiyyəti dövründə birgə bəyanatın şərtlərinə əməl olunmasında marağını nümayiş etdirir. Amma Rusiya üçün mahiyyət etibarı ilə Ermənistanda hakimiyyətdə kimin olmasının əhəmiyyəti yoxdur. Moskvanın mövqeyi ondan ibarətdir ki, sabah Koçaryan da Ermənistanda hakimiyyətə gələrsə, birgə bəyanatın şərtlərinə mütləq əməl etməlidir. Kreml Koçaryan faktorunu da qabartmaqla ən azından iyunun 20-nə kimi Paşinyandan müqavilənin şərtləri ilə bağlı açıq mövqe sərgiləməsini istəyir. 11 yanvar tarixində üç ölkə rəhbəri arasında Moskvada növbəti sənəd imzalandı. Bu sənəddə yer alan əsas məqam nəqliyyat infrastrukturunun yaradılmasından və iqtisadi layihələrin həyata keçirilməsindən ibarətdir. Deməli, Rusiya da Azərbaycan kimi keçmiş münaqişə zonasında nəqliyyatın bərpasında və iqtisadi layihələrin reallaşmasında maraqlıdır. Təbii ki, bütün bunlar Azərbaycanın maraqlarına uyğun cərəyan edən prosesdir. Azərbaycan regionda bərpa-quruculuq işlərini həyata keçirməkdədir. Bu istiqamətdə çox strateji addımlar atılmaqdadır”.

Parlament üzvünün sözlərinə görə, bizim üçün ən mühüm məqamlardan biri də bəyanatın 9-cu maddəsinin gerçəkləşməsidir:

“Bu da Naxçıvanla Azərbaycan arasında dəmiryol xəttinin reallaşdırılmasından ibarətdir. Amma Ermənistan rəsmiləri birbaşa belə şərtin olmadığını iddia edirlər. Halbuki, həmin sənədin altında Ermənistanın baş nazirinin də imzası var. Əslində Zəngəzur dəhlizinin yaradılması Ermənistanın da ağır-sosial iqtisadi vəziyyətdən çıxmasının yeganə yoludur. Bununla Ermənistanın Rusiya ilə quru əlaqələri də yarana bilər ki, nəticədə ermənilərin iqtisadi vəziyyəti düzələr. Paşinyanın “əsir və girov”larla bağlı açıqlaması, görüşü “məhsuldar” adlandırması daxili auditoriyaya hesablanıb. Baş nazir Azərbaycan Ordusunun mövqelərinə hücum etmiş terrorçuları “hərbi əsir” kimi təqdim etməyə çalışır. Göründüyü kimi bu da effekt vermir. Rəsmi Bakı haqlı olaraq erməni terrorçularına hərbi əsir kimi davranmır. Paşinyan dəfələrlə bu məsələni gündəmə gətirsə də, Rusiya tərəfini müzakirələrə cəlb edə bilmir.

Putinin bu məsələ ilə bağlı heç bir açıq reaksiyası olmadı. Kreml rəhbərinin konkret mövqeyi ondan ibarət oldu ki, keçmiş münaqişə zonasındakı vəziyyətin sabitliyi prioritetdir. Paşinyanın səfərində əsas məqsəd isə özünü sığortalamaq idi. Ona görə də Putini inandırmağa çalışıb ki, əgər onun hakimiyyətdə qalmasına imkan versələr, birgə bəyanatın şərtlərinə daha yaxşı əməl edəcək”.