Minalanmış ərazilərin xəritəsi verilmir

Rusiyanın Ermənistana böyük təzyiq imkanları var, amma etmir 

Çıxış yolunu Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunmasında görürəm


10 noyabr 2020-ci il tarixli Bəyanat imzalandığı andan bəri Azərbaycanın 20 vətəndaşı, o cümlədən 14 dinc sakin həlak olub. 87 vətəndaş, o cümlədən 16 dinc sakin azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində ciddi xəsarət alıb. Münaqişənin baş verdiyi müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərinin böyük hissəsi, o cümlədən qəbiristanlıqlar, tarixi yerlər və digər mülki obyektlər belə Ermənistan tərəfindən ardıcıl surətdə və pərakəndə minalanıb. Ermənistan işğaldan azad edilən ərazilərdə minalanmış sahələr barədə məlumatı təqdim etməkdən imtina edir.

Bununla da insanların həyatını bilərəkdən riskə atır və işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı bərpa işlərinə, yenidənqurmaya və humanitar səylərə, həmçinin məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəraitdə qayıtmalarına mane olmağa çalışır. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev deyib ki, minalanmış ərazilər mülki əhali, hərbçilər, sülhməramlı və humanitar heyət üçün ölümcül təhlükə yaradır. O bildirib ki, Azərbaycan yerüstü minaların fəsadlarından əziyyət çəkən, münaqişədən sonrakı vəziyyətdə olan ölkələr siyahısına daxildir: “Ermənistanın hərəkətləri beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir. Bu davranış Yerevanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək və konfrontasiya siyasətindən əl çəkmək istəmədiyini nümayiş etdirir. Halbuki, mina əleyhinə fəaliyyət davamlı inkişaf üçün həlledici əhəmiyyət kəsb edir, sabitliyə və sülhün dəstəklənməsinə müsbət töhfə verir. Müharibənin dağıdıcı nəticələrinə baxmayaraq, sülhün bərqərar olması, sabitliyin möhkəmləndirilməsi, dinc yanaşı yaşayışın bərpa edilməsi iqtisadi inkişafa və əməkdaşlığa investisiya qoyulması üçün unikal imkanlar və real perspektivlər təqdim edir. Buna görə də beynəlxalq birliyin təxirəsalınmaz reaksiyası böyük əhəmiyyət kəsb edir”.

Millət vəkili Azər Badamov “Şərq”ə deyib ki, işğaldan azad olunmuş ərazilərin minalanması insan həyatı üçün böyük təhlükə mənbəyidir. Deputat bildirib ki, hərbçilərimiz və ya bölgəyə səfər etmiş mülki şəxslərimiz mütəmadi olaraq minaya düşərək dünyasını dəyişirlər və ya sağlamlıqlarını itirirlər:

“İki gün əvvəl itkin düşmüş əsgərlərimizin axtarışını həyata keçirən iki əsgərimiz minaya düşərək xəsarət alıb. Belə halların baş verməsi Azərbaycan ictimaiyyətini kədərləndirir və hiddətləndirir. Düzdür, işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənmə işləri sürətlə aparılır. Bu işin görülməsinə mütəxəssislərdən ibarət müvafiq qurumların şəxsi heyətləri cəlb olunub. Ancaq konkret şəkildə hansı bölgənin və hansı formada minalandığı haqqında məlumat olmaması, sxemlərin yoxluğu işimizi çətinləşdirir.

Nəticədə torpağın hər bir qarışının axtarılması zərurəti ortaya çıxır.

Azad olunmuş ərazilərimizin 10 min kvadrat kilometrlərlə ölçüldüyünü nəzərə alsaq, prosesin nə qədər çətin və uzunmüddətli proses olacağı haqda təsəvvür formalaşdırmaq mümkündür. Təbii ki, minalanmış ərazilərin xəritələri əlimizdə olarsa, bütün ərazilərdə axtarışların aparılmasına ehtiyac qalmaz. Konkret şəkildə mina basdırılan əraziləri qısa zamanda təmizləyib işğaldan azad olunmuş ərazilərimizi təhlükəsiz zonaya çevirmək mümkündür”.

Parlament üzvü ermənilərin düşünülmüş şəkildə öz düşmənçiliyini və xainliyini davam etdirdiyini söyləyib və öz təkliflərini verib:

“Ermənistan tərəfi müxtəlif bəhanələr irəli sürərək xəritələri verməkdən imtina edirlər. Xəritələrin gizlədilməsi beynəlxalq konvensiyaların kobud şəkildə pozulması və hərbi cinayətlərin davamıdır. Ermənilər cinayət törətməkdə həvəsli və pəşəkardırlar. Ona görə də belə cinayətlərdən əl çəkmək çətin məsələdir.

Əlbəttə, Rusiya ermənilərə təzyiq göstərmək üçün kifayət qədər güclü imkanlara malikdir.

Çox təəssüf ki, Rusiya sülhməramlıları minalanmış ərazilərin xəritələrinin verilməsi üçün ermənilərə təzyiq göstərmir, onları məcbur etmirlər. Çıxış yolunu Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunmasında görürəm. Azərbaycan ermənilərin bu cinayət əməlini özündə əks etdirən hüquqi sənədləri hazırlayıb AİHM qarşısında iddia ilə çıxış etməlidir.

Düzdür, bu, uzun prosesdir. Amma cinayətlərin cəzasız qalması erməni qəsbkarlarına öz əməllərini davam etdirməyə imkan verir”.