BMT postmünaqişə dövründə də fəal olmalıdır 

Nə qədər çox beynəlxalq təşkilatlar erməni vəhşiliyini gözləri ilə görsə, daha aydın təsəvvür yaranar


Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edib. Dövlət başçısı qardaş ölkə nümayəndəsinin BMT Baş Məclisinin prezidenti vəzifəsini icra etməsindən fəxr etdiyini deyib. Ölkə rəhbəri COVID-ə baxmayaraq, 75-ci sessiyanın uğurla davam etdiyini bildirib. Prezident vurğulayıb ki, koronavirus dönəmində 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərmişik:

“Biz COVID-lə bağlı bir neçə təşəbbüslə çıxış etdik. Türk Şurasının Zirvə görüşünü, Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirdik və COVID-lə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə də nail olduq və sizin də böyük dəstəyiniz oldu. Hesab edirəm, ondan sonrakı hadisələr göstərdi ki, doğrudan da bu, indi gündəlikdə duran önəmli məsələlərdən biridir. Çünki vaksin millətçiliyi, vaksinlərin ədalətsiz bölüşdürülməsi bu gün artıq dünya gündəmini zəbt edən bir məsələdir. Azərbaycan ilk ölkələrdən idi ki, bu məsələni açıb qaldırdı. Biz çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq”. 
“UNESCO ilə gedən müzakirələr əsnasında missiyanın göndərilməsi nəzərdə tutulur”

Dövlət başçısı qeyd edib ki, BMT qurumları ilə ənənəvi sıx əlaqələrimiz olub və bu əlaqələr davam edir: “Müharibədən sonrakı dövr ərzində təmaslar daha fəal olub. Bundan sonra BMT dünyanın aparıcı qurumu kimi postmünaqişə dövründə də fəal olmalıdır. Mən dəfələrlə bildirmişdim ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub. Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıb. İndi isə yeni dövr başlayıb - quruculuq dövrü, bərpa dövrü. Artıq buna da start verilib. BMT-nin bütün qurumları ilə, o cümlədən biz artıq UNESCO ilə sıx təmasdayıq. UNESCO ilə gedən müzakirələr əsnasında missiyanın göndərilməsi nəzərdə tutulur. Əslində biz münaqişə dövründə dəfələrlə quruma müraciət etmişdik ki, faktaraşdırıcı missiyanı işğal edilmiş bölgələrə göndərsin. Çünki bizdə olan məlumata görə, orada bizim tarixi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılıb. İstəyirdik ki, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə bilavasitə məşğul olan UNESCO gəlsin və bunu təsdiq etsin. Əfsuslar olsun ki, münaqişə dövründə bu təklifimiz cavabsız qaldı, ancaq münaqişədən sonra indi missiyanın göndərilməsi gözlənilir. Biz bunu alqışlayırıq. Çünki azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır. Nə qədər çox beynəlxalq təşkilatlar bunu öz gözləri ilə görsələr, münaqişə ilə bağlı, Ermənistanın işğalı ilə bağlı dünya birliyində təsəvvür o qədər də daha geniş olar”.

“Azərbaycan BMT üçün əhəmiyyətli ölkədir”

BMT Baş Assambleyasının prezidenti Volkan Bozkır deyib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) üçün əhəmiyyətli ölkədir. O, sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirildiyini vurğulayıb: “Xüsusi sessiya həqiqətən çox böyük uğurla başa çatdı. İlk dəfə pandemiyadan sonra BMT-də COVID-19-la bağlı güclü mesajlar verildi”. 

“Azərbaycan beynəlxalq məsələlərdə çox əhəmiyyətli rol oynayır”

Volkan Bozkır vurğulayıb ki, Azərbaycan beynəlxalq məsələlərdə çox əhəmiyyətli rol oynayır: “Görüşlərdə Azərbaycanın BMT-yə töhfələrinin daha da genişləndirilməsi, BMT-də, Təhlükəsizlik Şurasında islahatlar məsələsi müzakirə ediləcək. Həmçinin, çətin durumda olan ölkələrə yardımların edilməsi, pandemiya ilə mübarizə, peyvəndlərin ədalətli şəkildə bütün ölkələr arasında bölüşdürülməsi, eyni zamanda su problemi, səhralaşma, energetika və s. məsələlər keçirəcəyim görüşlərdə müzakirə olunacaq”.