Böyük ümidlər yarandı

Türk dövlətləri arasındakı bəzi informasiya anlaşılmazlıqları ortaq səylərlə aradan qaldırılacaq

Əsas odur ki, bu işlərlə məşğul olanlar türk dünyasını yaxşı bilən, işləmək bacarığı olan təcrübəli adamlardan seçilsinlər


Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası işə başlayıb. Şuranın baş katibinin müavini Qismət Gözəlov çıxış edərək toplantının Qarabağ Zəfərindən sonra nazirlər səviyyəsində Bakıda keçirilən ilk tədbir olduğunu bildirib.

Gözəlov qeyd edib ki, ortaq tarixi və mədəni irsimizin dünyada tanıdılmasında medianın xüsusi önəmi var: “Buna görə də qarşıdakı illərdə media sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyi hədəfləyirik. Bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır”.

İşçi Qrupunun fəaliyyətə başlaması ilə bağlı “Şərq”ə danışan tanınmış jurnalist Azər Həsrət bunun sevindirici xəbər olduğunu deyib. Onun sözlərinə görə, türk dövlətlərinin və bütövlükdə türk xalqlarının media sahəsindəki rəsmi əməkdaşlığını daha yüksək səviyyəyə qaldırmaq vacibdir:

“Azərbaycan bu prosesin önündə gedir. Xatırlayırsızsa, ötən ilin sentyabrında Prezidentin köməkçisi Hikmət Hacıyevin Ankaraya səfəri çərçivəsində Türkiyə-Azərbaycan Media Platforması qurulması haqqında razılaşma əldə edildi.

Sonradan bu razılaşma inkişaf etdirildi. Bu yaxınlarda Türkiyə Prezidentinin bununla bağlı sənədi imzalaması ilə qüvvəyə minmiş oldu.

Azərbaycanın dövlət başçısı daha öncədən həmin sənədə imza atmışdı. Faktiki Türkiyə ilə Azərbaycan arasında media əməkdaşlığı mövcuddur və rəsmi səviyyədə təsdiqlənib. Hələ o zaman ümidlə bildirmişdik ki, sadəcə, Azərbaycanla Türkiyə arasında deyil, digər türk ölkələri arasında da ortaq media platforması qurulacaq. Bakıda keçirilən görüş buna hesablanıb”. 

A.Həsrət vurğulayıb ki, bu, ilk addımdır və bütün məsələlər bir anda həll oluna bilməz: “Ən azından ilkin müzakirələrin başlanması sevindiricidir. Ümid edirik, çox qısa zamanda mövcud problemlər rəsmi səviyyədə həllini tapacaq.

Türk dövlətləri arasındakı bəzi informasiya anlaşılmazlıqları ortaq səylərlə aradan qaldırılacaq. Vacibdir ki, istər Azərbaycanda, istərsə də digər ölkələrdə bu işlərlə məşğul olanlar türk dünyasını yaxşı bilən, işləmək bacarığı olan təcrübəli adamlardan seçilsinlər. Bunlar çox mühüm məqamlardır. Çünki əvvəlki illərdə türk dünyası jurnalistləri arasında ortaq fəaliyyətlə bağlı, hətta bəzən dövlət səviyyəsində müəyyən təşəbbüslər olub.

Təəssüflər olsun ki, həmin təşəbbüsləri bu işlərdən anlamayan naşı məmurlara həvalə etdilər və nəticədə bu təşəbbüslər elə beşiyindəcə boğuldu. İndi görürük ki, məsələ fərqlidir. Azərbaycan tərəfindən çox ciddi iş aparılır.

Türkiyə də məsələyə ciddi yanaşır. Düşünürəm ki, iki ölkənin ortaq təşəbbüsü sayəsində istədiyimizə nail ola biləcəyik. Türk dövlət və xalqlarının ortaq media fəaliyyəti nəhayət ki, baş tutacaq”.