Qarışıq düşdü

Məzardan çıxarılıb, ailəsinə təslim edildi

Çanaqqala On səkkiz Mart Universitetinin Sağlıq, Müalicə və Araşdırma Xəstəxanasında müalicə alan COVİD-19 xəstəsi Rəcəb Yılmaz, reanimasiya şöbəsində yer olmadığından Mehmet Akif Ərsoy Çanaqqala Dövlət Xəstəxanasına təxliyə edilib. Təxliyə zamanı Rəcəb Yılmazın sənədləri eyni xəstəxanada xərçəng xəstəliyindən müalicə olunan Rəcəb Çelik isimli şəxslə qarışıq düşüb. Rəcəb Yılmazın sənədlərinin əvəzinə Rəcəb Çeliyin sənədləri dövlət xəstəxanasına göndərilib.

Rəcəb Yılmaz təxliyə edildiyi xəstəxanada “Covid” xəstələrinin müalicə olunduğu reanimasiya şöbəsində qısa müddət sonra vəfat edib. Sənədlər qarışıq düşdüyündən Rəcəb Yılmazın ölüm xəbərini Rəcəb Çeliyin ailəsinə zəng vuraraq bildiriblər.

Xəstəxanaya gələn Çelik ailəsinin üzvləri Rəcəb Yılmazın cənazəsini atalarının “cənazəsi” bilərək Yeni Şəhər Məzarlığındakı ailə məzarlığına dəfn ediblər. Sonra isə Rəcəb Çeliyin oğlu Hilmi Çeliyə Universitetdən zəng edərək sənədlərin qarışıq düşdüyünü və atasının həyatda olduğunu söyləyiblər.

Hilmi Çelik atasının sağ olduğunu sevinc göz yaşları içində ailə üzvlərinə xəbər verib. Atasının həqiqətən də sağ olduğuna xəstəxanaya getdiyində bir daha əmin olub. Xəstəxanada atası qarşısına çıxdıqda az qala ürəyi parçalanacaqmış. Düşüb bayılmaqdan özünü güclə saxlayıb. Və özünə gələndə əlbəttə ki, bir sualın cavabını düşünüb: “bəs dəfn etdiyimiz kimdir?”.

Bunu isə məzarlıqda öyrəniblər. Rəcəb Çelik adı ilə yanlışlıqla dəfn edilən Rəcəb Yılmazın cənazəsi prokurorluq orqanlarının müşayiəti ilə məzardan çıxarılıb. Hadisə yerini təhqiqetmə qrupunun da iştirakı ilə açılan məzardan Rəcəb Yılmazın cənazəsi çıxarılaraq oğlu Ənvər Yılmaza təhvil verilib. Sonra isə cənazə yenə də Yeni Şəhər Məzarlığında hazırlanmış məzara dəfn edilib. 

Bu hadisədə maraqlı olan eyni adı daşıyan iki yaşlı insanın uzaqdan qohum olmalarıdır.

Bu, Yılmaz ailəsi ilə Çelik ailəsi arasında məzarlıqda baş tutmuş görüş zamanı ortaya çıxıb. Rəcəb Çeliyin oğlu Hilmi Çelik hadisə yerinə gəlmiş media mənsublarına “bu ailə günlərlə xəstələrini arayıb. İki gün Çanaqqaladakı bütün xəstəxanalara baş vurublar”. Vəfat etmiş Rəcəb Yılmazın oğlu Fərdi isə “bu, bir nəfərin xətası üzündən baş verib, görün məsələ nə qədər uzanıb” deyib.