Türkiyədə Qaraçılar günü rəsmiləşdi

Əhməd Qəşəmoğlu: "Qaraçılarla humanist davranmalıyıq"


Hər il aprelin 8-i Türkiyədə Qaraçılar Günü kimi qeyd ediləcək.
Qeyd edək ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Sərəncama əsasən, qaraçıların etnik mədəniyyətinin qorunması və yaşadılması məqsədi ilə hər ilin aprelin 8-i Türkiyədə "Qaraçılar Günü" kimi qeyd olunacaq.

Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi aprelin 8-də Dünya Qaraçılar Günü çərçivəsində tədbirlər təşkil edəcək.

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu "Şərq"ə olan açıqlamasında bildirdi ki, qaraçılar da cəmiyyətin ayrılmaz bir hissəsidir:

"Biz qəbul etsək də, etməsək də qaraçılar bizim ölkənin vətəndaşlarıdır. Həmçinin Türkiyədə də onların yaşamaq hüququ var.

Bizdə də, Türkiyədə də bəzi rayon və kəndlərdə onların kompleksləşmiş yaşayış yerləri var. Yəni onlar da bir insandırlar. Bu nöqteyi-nəzərdən də onlar bizim diqqətimizdə olmalıdır.

Eyni zamanda, qaraçıların hüquqlarını qoruyan təşkilatlar da var. Onlar spesifik xüsusiyyətə malik bir qrupdurlar.

Biz istər beynəlxalq tələblər baxımından, istərsə də islam şəriətinin qaydaları baxımından qaraçılarla humanist davranmalıyıq. Onlara diqqət göstərməklə yanaşı, eyni zamanda davranışlarının arzuolunan səviyyədə olması üçün qaraçılarla iş görmək lazımdır.

Yəni onlar ölkədə özlərini yad və yaxud da davranışı xoşa gəlməyən qrup kimi hiss etməməlidir".