"Amerika təkcə hərbi qüvvəyə arxalanmır"

Azər Rəşidoğlu: "Əsas güc hazırkı iqtisadi müstəvinin onun əlində olmasıdır" 

ABŞ Prezidenti Co Bayden ölkənin hərbi büdcəsini 7 milyard dollar azaltmaq niyyətindədir. Qeyd olunur ki, bu qərar Demokrat Partiyasının nümayəndələri ilə müzakirələrdən sonra qəbul edilib.
C.Bayden administrasiyası Pentaqona hər il 715 milyard dollar xərcləməyi planlaşdırır.
Sabiq prezident Donald Tramp isə seçkilərdə qalib gələcəyi təqdirdə Müdafiə Nazirliyinə 722 milyard dollar ayıracağını bildirirdi.

Bu barədə daha ətraflı "Şərq"ə açıqlamasında politoloq Azər Rəşidoğlu bildirib ki, Amerika hərbi gücündən daha çox iqtisadi-siyasi gücünə arxalandığı üçün Baydenin bunu etməsi normaldır:

"Amerika Birləşmiş Ştatlarında hərb gücünə arxalanmaq əsas amil olsa da bu, birinci amil deyil.
Amerika bilir ki, onun iqtisadiyyatı, maliyyə və bank sektoru onun əlində olmasa, üstəlik, beynalxalq qurumlar ona tabe edilməsə, hərbi üstünlük əldə edə bilməz.

Düzdür, hazırda onların Rusiya ilə münasibətləri kəskinləşib. Amma düşünmürəm ki, Amerika Rusiya ilə açıq savaşa başlasın.

Amerikanın əlində hüquqi müstəvi və iqtisadi resurslar var. Rusiyanı da bu yolla - sanksiyalarla, kreditlərlə və s. sıxmaq istəyir. Güman edirəm ki, Amerika yaxın vaxtlarda sanksiyalar tətbiq etməklə Rusiyanı çökdürməyə çalışacaq.

Bu mənada da Amerika hərbi qüvvəyə arxalanmır. Əlbəttə, hərbi qüvvə də önəmlidir. Amma əsas güc hazırkı iqtisadi müstəvinin onun əlində olmasıdır.
Buna görə də onlar öz hərbi büdcələrində nəzərən çox az miqdarda azaltma ediblər".