Ukraynada müharibə variantı hələ gündəmdədir 

Rusiya isə təzyiq yolu ilə Kiyevi fikrindən daşındırmağa çalışır 


Son günlər Rusiya ilə Ukrayna arasında baş verən münaqişə səngimək bilmir. Ukrayna öz torpaqlarını azad etmək istəyir. Bu yöndə ona hətta ABŞ, NATO və digər ölkələr dəstək verməyə çalışır.
Rusiya isə yenə də öz qətiyyətini, eləcə də müharibəyə meyilli davranış və çıxışlarını davam etdirir.

Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, müharibə başlasa, Rusiya Azov dənizi və Krımdan da hərtərəfli hücuma keçəcək:

"Rusiya Xəzər hərbi donanmasını Qara dənizə təlimlər məqsədi ilə aparır. Bu, Ukrayna ətrafında baş verən müharibə senarisinə uyğun olaraq Moskvanın həm suda, həm də quruda güclənərək fəal şəkildə müharibəyə hazırlaşmasıdır. Müharibə başlayacaqsa Rusiya təkcə Donbass ətrafında deyil, Azov dənizi və Krımdan da hücuma keçəcək.

Rusiya Xəzər dənizi və digər dənizlərdə olan hərbi donanmasını Ukrayna ətrafına ona görə yığır ki, ABŞ və Ukrayna müharibə senarisindən vaz keçsin və Rusiya təzyiq yolu ilə yeni şərtlər əldə etsin. Amma ABŞ və Ukraynanın geri çəkilməsi gözlənilmir.

Müharibə variantı gündəmdə qalmaqdadır".

Politoloq, həmçinin onu da bildirdi ki, müharibə baş verəcəksə, Azərbaycanın Ukraynanı dəstəkləməsi qaçılmazdır:

"Müharibə başlayacağı təqdirdə, Azərbaycanın Ukraynanı dəstəkləməsi qaçılmazdı. Ukraynaya humanitar yardımlar da göndərilməlidir. Ukraynanı dəstəkləmək Rusiya ilə münasibətlərə mənfi təsir etməyəcək. Türkiyə də eyni cinahda yer alacaq. Amma bu, Rusiyaya qarşı müharibədə iştirak deyil. Lakin Ukraynanın daxilində hakimiyyət eşalonunda Rusiya agentura şəbəkəsi fəaliyyətini davam etdirir. Hazırkı situasiyada ordu güclü olsa da, rusmeyilli şəxslər var və onların fəaliyyəti Ukraynanın uduzmasına hesablanacaq.

Qarabağ müharibəsində Azərbaycan rusmeyilli hərbçiləri müəyyən qədər ordudan uzaqlaşdıra bildi.

Bu da uğurlu hərbi əməliyyatların aparılmasına gətirib çıxardı. Dost və strateji dövlət olan Ukraynanın bunu edə bilməsi çətindir. Hər halda Azərbaycan bu təcrübəsini Ukrayna ilə bölüşməlidir. Biz Ukraynanı bu haqlı müharibəsində dəstəkləyirik. Çünki eyni mövqeyi Qarabağ müharibəsində Ukrayna bizə etmişdi".