Qohumların övladlığa uşaq götürməsi asanlaşdı


"Təlimlər övladlığa götürülən uşağı tanımaq və onunla münasibətdə olmaq üçün nəzərdə tutulub"


Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Təsdiq edilmiş dəyişiklik nəticəsində Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılıb.
Sənədə əsasən, uşağı övladlığa götürmək istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:
- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Psixoloq Fərqanə Mehmanqızı "Şərq"ə bildirib ki, əvvəlki qaydalar prosesin həllini çətinləşdirməkdən başqa bir işə yaramırdı:

"Bütün bu təlimlər övladlığa götürülən uşağı tanımaq və onunla münasibətdə olmaq üçün nəzərdə tutulub. Nənə, baba, əmi, dayı və s. uşaqla münasibətdədir deyə bu prosedurların tətbiq olunması artıqdır. Çünki uşaqların yaxın ailə üzvləri ilə münasibəti var və buna uyğun olaraq həmin uşaqlar övladlığa götürülür. Hesab edirəm ki, tətbiq olunan bu prosedurlar uşağın rahat bir yerə çıxmasını, bu prosesin həllini çətinləşdirir və uzadır. Fikrimcə, həmin psixoloji faktorlar önəmsiz idi".