Saxta profilin qurbanları artır 

Qadınlar mental dəyərlərin qurbanına çevrilir 

Belə olan halda isə dələduzların meydanı genişlənir

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Lənkəranda yaşayan S.Ə adlı bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin onun şəkillərini yayacağı və barəsində rüsvayedici məlumatlar paylaşacağı ilə hədələyərək ondan pul tələb etməsini bildirib.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Masallı rayon sakini Elvin Eyvazov olduğu müəyyən edilərək saxlanılıb. 

O, özünü xanım kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadından 100 manat aldığını, daha sonra isə eyni məzmunlu tələbləri təkrarladığını etiraf edib. Ətrafında aparılan araşdırmalarla onun Astara rayon sakini olan başqa bir qadını da eyni üsulla hədələyərək pul tələb etdiyi təsbit olunub.

Mövzu ilə bağlı "Şərq"ə fikirlərini bildirən sosioloq Sahib Altay deyir ki, belə məsələlərdə mental düşüncəyə əhəmiyyət vermədən hüquq-mühafizə orqanlarına məlumat verilməlidir:

"Biz və bizim kimi ölkələrdə sosial münasibətlər mental dəyərlər üstündə qurulub. Bu, sosial münasibətlərin şəxsi münasibətə dair növünə aiddir. Şəxsi münasibətlər əksərən mental dəyərlərə görə formalaşır.


Bizim kimi toplumlarda əxlaq, qeyrət, namus məsələsi birtərəfli olaraq qadının üzərinə yüklənir. Beləliklə bir qadın bütün bir nəslin qeyrətini öz çiyinlərində daşımalı olur. Bu baxımdan da insanların münasibət qurması, o münasibətin davamı və nəticəsi mental qaydalara görə dəyişir və dəyərləndirilir.

Məsələn, hər hansısa münasibət qurulur və daha sonra həmin münasibət ailə məsuliyyəti ilə sonlanır. O zaman insanları təbrik edirik. Halbuki, mentalitetə görə o münasibətin ailəyə qədər olan hissəsinə düzgün yanaşılmır. Əslində bizim toplumun anormal bir mental düşüncə tərzi mövcuddur.

Bir də xüsusi məqsədlər üçün qurulan münasibətlər var. Münasibətlərin təbii və ya süni olması elmi konsepsiyada onun sonunun ailə ilə nəticələnib-nəticələnməməsi ilə dəyərləndirilməməlidir. İnsanlar münasibət qurursa, ailə də qura bilər, yaxud sevib sevgili kimi də yaşaya bilərlər.

Müasir düşüncə bu yöndədir. Bizdə isə mental düşüncə olduğuna görə münasibətlər məcburi ailə proseduruna hesablanır. Bu baxımdan da mentalitet əxlaq məsələsini qadının üstünə yüklədiyinə görə bəzən qarşılıqlı, əksər hallarda qadın tərəfə yönələn məqsədli şantaj halları baş verir. Bu da birbaşa intim məsələlər ilə bağlı olur.

Bizdə intim deyəndə sadəcə seksual münasibətlər nəzərdə tutulur. Ancaq bu belə deyil. İntim sözünün mənası şəxsi deməkdir. Ölkəmizdə şəxsi münasibətlərə yönəlik şantaj halları daha çoxdur.

Bəhs olunan məsələ də dələduzluq halıdır. Yəni şəxs hansısa yolla pul əldə etmək istəyib və bu dələduzluğu qadınların üstündən qurub. Bu adam qadınlarla tanış olub, şəkillər alıb. O qadınlar da həmin adama inanıb. Məsələ bundan ibarətdir ki, qadınlar mental baxış tərzinə görə bu dələduzun alətinə çevriliblər. Çünki bir qadının şəkli yayılsa, cəmiyyət ona pis baxacaq və onun ictimai imicinə zərər gələcək. Ona görə də asan bir şəkildə dələduzun qurbanı olublar.

Həmin qadınların içindən bir nəfər ağıllı hərəkət edərək, müasir düşüncə ilə uzlaşan, öz hüququnu bilən şəxs olub və birbaşa olaraq polisə müraciət edib.

Belə hallarla qarşılaşan hər bir şəxs bu qadın kimi hərəkət etməlidir. Sosial platormalarda çox yaxşı olardı ki, hər kəsin qeydiyyatı rəsmi şəxsiyyət vəsiqəsi ilə olsun. Bu qeydiyyatlar isə gərək müəyyən orqanların arxivində yer alsın. Çox təəssüf ki, sosial şəbəkənin imkanları sərhədsizdir və belə bir proses mövcud deyil.

Bunun nəticəsidir ki, istənilən şəxs asanlıqla saxta hesab açaraq ordan başqa məqsədlər üçün istifadə edə bilər".