Ukrayna-Rusiya müharibəsi: Qara dəniz "qan gölü"nə dönə bilər - RİSK ! 

"Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bir daha vurğuladı. Ərdoğan mətubat konfransında Ukraynanın şərqindəki gərginliklə bağlı bir neçə önəmli fikir söylədi". 

Bu barədə "Sherg.az"a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib:

"Birincisi, Ərdoğan dedi ki, Ukraynanın şərqindəki vəziyyət diplomatik əsaslarla həll olunmalıdır: “Narahatıq doğuracaq hadisələrin inkişafına son qoyulmasını diləyirik”. İkincisi, Türkiyə Cumhurbaşqanı dedi ki, Qara dəniz sülh dənizi olaraq qalmalıdır: “Qara dənizdə sülh və rifahın bərpası hədəfimizdir. Ortaq coğrafiyamızda nəyin bahasına olursa-olsun, gərginliyin artmasını arzu etmirik”. Üçüncüsü, Ərdoğan Rusiya ilə Ukrayna arasında yaranan münaqişənin Minsk anlaşmaları əsasında dialoq yolu ilə həll olacağına ümid etdiyini vurğuladı: “Son zamanlar regionda gərginliyin artması arzuolunan deyil.

Mövcud böhranın Ukraynanın ərazi bütövlüyünün və beynəlxalq hüququn tələbləri çərçivəsində sülh şəraitində və diplomatik yollarla həll olunmasının vacibliyinə inanırıq”. Beləliklə, Türkiyə Cumhurbaşqanı Ukrayna-Rusiya müharibəsinin qəti əleyhinədir. Çünki mümkün müharibə Türkiyəyə xarici və təhlükəsizlik siyasətində problemlər yarada bilər. Digər tərəfdən Türkiyə Ukraynanın şərqindəki gərginliyin Qaradəniz hövzəsinə inikasının da qəti əleyhinədir. Çünki Ukrayna ilə Rusiya arasında müharibə başlasa bu yalnız Donbasdakı ərazi ilə məhdudlaşmayacaq, hər iki ölkənin Qara dənizə çıxışı var, qarşıdurma dənizdə də davam edəcək. Bu isə Türkiyənin maraqlarına ziddir." 

E.Şahinoğlu onu da əlavə edib ki, Ukrayna ilə Azərbaycanın Türkiyə üçün fərqi də göz qabağındadır. Türkiyə Azərbaycanın işğal altındakı torpaqların müharibə yolu ilə azad edilməsi üçün ölkəmizə hərtərəfli dəstək verdi və Ankara bunu doğru strategiya kimi əsaslandırdı:

"Ankara Ukrayna nümunəsində isə ərazi məsələsinin yalnız danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Halbuki, Ankarada da anlayırlar ki, Donbass məsələsini danışıqlar yolu ilə həll etmək çətinləşib, Krımdan isə danışmağa dəyməz.