"Hər kəs toplum halında yas  mərasimlərinin təşkil edilməsinə əngəl olmalıdır" - Seyid Camal Əzimbəyli

"Əgər bir nəfər koronavirus xəstəsi yas məclisində iştirak edərsə, yüzlərlə şəxsin yoluxmasına səbəb ola bilər"
Hazırda ölkəmizdə koronavirusla bağlı statistika heç də ürəkaçan deyil. Yoluxanların sayı sağalanların sayını iki dəfə üstələyib. Artıq bir ildən çoxdur ki, koronavirus infeksiyasiyasının qarşısını almaq məqsədilə toy və yas mərasimlərinin keçirilməsinə məhdudiyyətlər tətbiq edilib. Buna baxmayaraq insanlar gizli şəkildə həmin məclisləri təşkil edir və sağlamlıqlarını təhlükəyə atırlar. Yoluxanların əksəriyyəti gizlincə təşkil olunan yas mərasimlərinin payına düşür. Bu isə olduqca narahatedici haldır. 

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli məsələ haqqında Şərq'ə danışarkən bildirib ki, insanlarımız belə bir vəziyyətdə şöhrətpərəstliyə dayanan ənənələrə bir mənalı olaraq "yox" deməlidir:



"İslamın təməl prinsiplərinə əməl edən hər bir kəs bilir ki, xəstəlik olduğu hallarda İslam böyükləri bütün bəndələrin mənafeyi baxımından onların qorunmasını vacib biliblər. Tarixə nəzər salsaq - hələ İslamın ilk yayıldığı dövrlərdə, vəba kimi yoluxucu xəstəliklərin tüğyan etdiyi zamanlarda belə insanların sağlamlığının qorunması başlıca məqsəd olmuşdur. Çünki Allah-Təala da Qurani-Kərim'də  bizlər üçün bu hökmləri veribdir. Hədislərə nəzər saldıqda bir mənalı şəkildə görürük ki, can Allahın əmanətidir, onu mühafizə edib qorumaq boynumuza düşən vacib vəzifələrdən biridir. Yas mərasimlərinin də indiki şəraitdə kütləvi şəkildə keçirilməsi koronavirus infeksiyasına yoluxma hallarının artımına səbəb ola bilər. Bu səbəbdən də, düşünürəm ki, insanlarımız belə hallar kimi xüsusi olaraq şöhrətpərəstliyə dayanan ənənələrə "yox" deməlidirlər. Çünki burada söhbət həm də qul haqqından gedir. Əgər bir nəfər koronavirus xəstəsi yas məclisində iştirak edərsə, yüzlərlə şəxsin yoluxmasına səbəb ola bilər. İman və təqva sahibi olan hər bir kəs bir mənalı olaraq toplum halında yas və toy mərasimlərinin təşkil edilməsinə əngəl olmalıdır".