"Ümid edirəm ki, tezliklə tam sağalacağam" - Vaqif Hacıbəyli

"Mənə də çoxları məsləhət görürdü ki, ev şəraitində müalicə alım..."

“Evdə müalicə olunmağın üstünlükləri barədə indi çox təbliğat aparılır. Mənə də çoxları məsləhət görürdü ki, ev şəraitində müalicə alım. Açığı bu təbliğat mənə müəyyən qədər təsir etmişdi”.

“Sherg.az” xəbər verir ki, bunu Əhrar Partiyasının sədri, hüquqşünas Vaqif Hacıbəyli sosial şəbəkədə yazıb.

Partiya sədri koronavirusun qabarma dövründə bu xəstəliyi kifayət qədər ağır formada keçirən biri kimi mülahizələrini bölüşüb: 

“Xəstəxanaya düşdükdən sonra koronavirusa yoluxan xəstələrin müalicə şəraiti barədə əvvəlki təsəvvürlərimin tam yanlış olduğu uzə çıxdı. Türkiyədə uzman həkim kimi koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada işləmiş bacım qızı Mehriban xanımın köməyi ilə ilk günlər evdə müalicə olunurdum. Saturasiyanın (qanda olan oksigen miqdarı –red) 90-dan aşağı düşməyəcəyi halında xəstəxanaya qəbulun mümkünsüz olduğunu da mənə demişdilər. Xəstə olduğum ictimailəşəndən dərhal sonra xəstəxanaya yerləşdirilməyim məsələsi həll olundu. Bu məsələdə köməyi keçən hər kəsə minnətdaram. Xəstəxananı isə özüm seçdim. Orada bir tanışımız işləyirdi. Mənə elə gəlirdi ki, tanışlıq olmasa, mənə xəstəxanada yaxşı baxmazlar. Lakin bu təsəvvürlərim tamamilə yanlış çıxdı. Xəstəxanada olduğum 28 gün ərzində həkimlərimizin, bütövlükdə tibb personalının necə böyük bir fədakarlıqla çalışdıqlarının canlı şahidi oldum”. 

V.Hacıbəyli qeyd edib ki, müalicə həkimlərimin əksəriyyəti Türkiyədə uzmanlıq məktəbi keçən çox savadlı, istedadlı gənclər idi: 

“Bakı Sağlamlıq Mərkəzində, yeni klinikada çalışan həkimlərin, tibb işçilərinin əməyi sayəsində bu gün səhhətim tədricən bərpa olunur və ümid edirəm ki, tezliklə tam sağalacağam. Eyni zamanda hər iki xəstəxananın rəhbərliyinə də minnətdaram ki, kollektivdə sağlam, işgüzar mühit formalaşdırmağa nail olublar. Beləliklə, bildirirəm ki, COVİD xəstələrinin xəstəxana şəraitində müalicəsi üçün hər cür şərait yaradılıb. İnsanımızın böyük əksəriyyətinin ev şəraitində müalicə olunmaq üçün nə maddi vəsaiti, nə də ki, müvafiq şəraiti yoxdur. Başqa sözlə, mənim timsalımda xəstəxanadan imtinanın yalnız bir nəticəsi ola bilərdi, onu da heç dilimə gətirmək istəmirəm. Ona görə, tövsiyəm budur ki, həkimlərimizə daha etimadla yanaşaq”.