CHP-dən ayrılaraq AKP-yə qoşuldu: Partiya nişanını şəxsən Ərdoğan taxıb

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından istefaların yeni mərhələsi başlayıb. Son olaraq tanınmış siyasi fiqurlardan biri - Nejat Önder partiyadan gedib. 

Partiyanın həyata keçirdiyi siyasətdən narazılıq ifadə edən Nejat Önder CHP-dən ayrılaraq, hakim Ədalət və İnkişaf Partiyasına (AKP)-yə üzv olub. 

“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP-dən istefa verərək hakim AKP-yə üzv olan Nejat Önderin partiya nişanını şəxsən prezident və partiya sədri Rəcəb Tayyib Ərdoğan taxıb.



Nejat Önder müxalifətdən hakim partiyaya keçməsinin səbəbini bu cür açıqlayıb: 

“Məni AKP-yə gətirən səbəblərdən ən mühüm Atatürklə bağlıdır. Hörmətli Prezidentimizin də vurğuladığı kimi, CHP Atatürkdən sui-istifadə edir. Ancaq özlərinə lazım olanda Atatürkün adının arxasına gizlənir və özlərini sığortalayırlar. Əfsuslar olsun ki, bu gün partiya rəhbərliyində Cümhuriyyətin və CHP-nin qurucusunun adını zikr etməkdən diksinən adamlar var”. 

Önder CHP-nin terrorçu güclərlə əməkdaşlığından çox narahat olduğunu dilə gətirib: 

“Ən əsası isə odur ki, hazırda CHP-də terrorçu PKK və PYD ilə əlbir olmaq, onlarla birlikdə çalışmaq düşüncəsində olan şəxslər var. Ona görə bunlara etiraz olaraq CHP-dən getməyə və hazırda Türkiyə üçün daha yaxşı işlər görən AKP-yə üzv olmağa qərar verdim. Bundan sonra hakim partiyanın və ölkəmizin uğurları naminə var gücümlə çalışacağıma heç kimin şübhəsi olmasın”.