"Mediaya inzibati orqan kimi yox, müstəqil subyektlər kimi baxmaq lazımdır" - Aqil Camal

“Türksoylu ölkələr arasında media sahəsində əməkdaşlığın əsası 10 il əvvəl qoyulub”.

Bu sözləri “Sherg.az”a açıqlamasında “Türküstan” qəzeti və saytının baş redaktoru Aqil Camal deyib. 

Baş redaktor bildirib ki, əvvəllər türk ölkələri arasında ardıcıl media forumları keçirilirdi və ilk forum Ankarada baş tutmuşdu: 

“Sonra Azərbaycanda, Qazaxıstan və Qırğızıstanda bu cür tədbirlər davam etdirildi. Ancaq getdikcə proses səngidi və birdəfəlik dayandı. Bunun bir sıra səbəbləri var idi. Əsas səbəb o idi ki, bu sahəyə məsul şəxslərin türk dünyası ilə, ümumiyyətlə türk ölkələrinin mediası ilə bağlı anlayışları yox idi. Sadəcə olaraq icra etdikləri vəzifələrə görə məsuliyyət onların üzərindəydi. Hazırda yeni proses başlayıb və biz bunu alqışlayırıq. Çox yaxşı olardı ki, indi prosesi başladan insanlar keçmiş uğursuz təcrübəni də öyrənsinlər. Müəyyən dərslər çıxartsınlar ki, yenidən eyni problemlərlə üzləşməyək”. 

A.Camal vurğulayıb ki, medianın digər əməkdaşlıq sahələrindən fərqli olduğu nəzərə alınmalıdır: 

“Türk ölkələri siyasi, iqtisadi, mədəni, hərbi, gömrük və s. sahələrdə əməkdaşlıq edə bilərlər. Amma media dövlət aparatının tərkib hissəsi deyil. Dövlətin fəaliyyət sferasından kənar kommersiya və ictimai məzmunlu bir fəaliyyət sahəsidir. Bu baxımdan mediaya inzibati orqan kimi yox, müstəqil subyektlər kimi baxmaq lazımdır. Bu məqam nəzərdə tutulan planlarda da əsas element olmalıdır. Medianın azadlığı, sərbəstliyi önə çəkilməlidir. Koordinasiya işinə cəlb olunacaq insanlar seçilərkən onların türk dünyası ilə əlaqəsi, bu sahədə fəaliyyəti ön planda tutulmalıdır. O zaman uğurlu nəticələr əldə etmək mümkündür”.