Co Bayden təəccübləndirdi: ABŞ-ın hərbi büdcəsi 7 milyard dollar azalır 

Bu qərar ABŞ-ın siyasi ambisiyaları və siyasi gedişlərinə də müəyyən mənada təsir göstərən amildir

ABŞ Prezidenti Co Bayden ölkənin hərbi büdcəsini 7 milyard dollar azaltmaq niyyətindədir. Bu barədə "Bloomberg" agentliyi yazıb. Qeyd olunur ki, bu qərar Demokrat Partiyasının nümayəndələri ilə müzakirələrdən sonra qəbul edilib. 

Mövzuya münasibət bildirən politoloq İlyas Hüseynov  "Şərq"ə açıqlamasında qeyd edib ki, ABŞ Prezidenti Co Baydenin ölkənin hərbi büdcəsinin 7 milyard dollar azaltmaq ilə bağlı çıxışı bir qədər təəccüb doğurdu.

Çünki demokratların hakimiyyətə gəlməsindən sonra dünyada gedən geosiyasi maraqların toqquşduğu bir sıra bölgələrdə ABŞ-ın da maraqlarının təmsil olunması ilə bağlı müxtəlif çıxışlar səslənirdi:

"Co Bayden administrasiyası Pentaqona hazırda 715 milyard dollar xərcləməyi planlaşdırır. Donald Tramp dövründə isə bu məbləğ 722 milyard dollar idi. Ümumiyyətlə, hərbi büdcənin azalması siyasi proseslərə də təsir edir. Bu, bir-birilə üzvü sürətdə qarşılıqlı bir vəhdətdə həyata keçirilən proseslərdi. Hərbi dayaqları güclü olan dövlətin siyasi proseslərdə iştirakı və iştirakçılığı daha da dərinləşdirilmiş formada baş verir. Hərbi büdcənin 7 milyard ABŞ dollar məbləğində azaldılması ola bilər ki, o qədər də böyük məbləğ sayılmasın. Yəni əslində bu, kifayət qədər böyük pullar ayrılan müdafiə xərclərinə, eləcə də Pentaqonda olan hərbi qulluqçuların saxlanılması, dünyadakı ABŞ-ın maraqlarının təmsil olunduğu hərbi bazalarının saxlanılması üçün o qədər də böyük məbləğ hesab olunmaya bilər. Amma statistik rəqəmlər nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Bundan əvvəlki respublikaçılar hakimiyyəti dövründə ayrılmış puldan bir qədər az müdafiə xərclərinə pulların ayrılması dünyada ABŞ-ın siyasi ambisiyaları və siyasi gedişlərinə də müəyyən mənada təsir göstərən amildir". 

İ.Hüseynov qeyd edib ki, hərbi büdcəyə pulun az ayrılması heç də o demək deyil ki, ABŞ öz ənənəvi siyasi maraqlarından geri çəkilir və yaxud tamamilə hərbi büdcəsini azaldır:

"Hesab edirəm ki, bu, ABŞ iqtisadiyyatı üçün o qədər də təsirli bir rəqəm deyil. Lakin siyasi konteksti var. Bu siyasi kontekst diplomatik siyasi proseslərə, eyni zamanda siyasi fəaliyyətə də müəyyən mənada təsir göstərə bilər".