Rusiyanın erməni terrorçuları “sancısı”:“Geri qaytarılmasınlar!”

Bir neçə gün əvvəl erməni terrorçuların Ermənistana aparmaq məqsədilə Bakıya gələn təyyarə geriyə boş qayıdıb. Bu hadisə baş verdiyi andan etibarən siyasi müstəvidə “bomba” effekti yaradıb və müzakirələrə səbəb olub.

Məsələ barədə “Sherg.az”a danışan Milli Cəbhə Partiyasının (MCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə düşünür ki, belə proseslər qarşılıqlı kompromislər əsasında həyata keçirilməlidir: 



“Rusiya prezidenti Vladimir Putin prezident İlham Əliyevə zəng edərək, Qarabağ ətrafında müzakirələr aparıb. Amma məsələnin əsas məğzi isə erməni terrorçuların azad edilməsi olub. Rusiya rəsmiləri çalışırlar ki, terrorçular azad edilsin. Lakin bunun qarşılığında Azərbaycanın tələbləri yerinə yetirilmir. Biz Rusiya tərəfinin xahişini nəzərə alıb muzdlu snayperçi, livanlı erməni  qadın Maral Narcanyanı azad etdik. Bu, Azərbaycanın bir jesti və humanistliyi idi”.

Onun sözlərinə görə, rəsmi İrəvanın hərbçilərini geri qaytarmağa haqqı çatmır: 

“İndi Kremlin durub əsassız şəkildə qarşılıqsız erməni terrorçuların azad edilməsinə çalışması həyasızlıq və Azərbaycana qarşı nəzakətsizlikdi. Azərbaycan erməni terrorçularını azad etməməklə prinsipiallığını ortaya qoyur. Və bu davam etməlidir. Ermənistan minalanmış ərazilərin xəritəsini vermir, silahli erməni birləşmələri çıxarılmır və Rusiya sülhməramlı qüvvələri özbaşınalıq edir. Belə olan təqdirdə terrorçuları geri verməmək lazımdır”.