Həkim TƏBİB-i səhv çıxardı: Restoranda maskasız, parkda maska ilə...? – Məntiqsizdir

Sosial şəbəkə istifadəçiləri “#nəfəsalaq” həştəqi ilə kampaniya başladıb. Kampaniyaya qatılanların sayı gün keçdikcə artır. Hətta bəzi məşhur şəxslər də prosesə qoşulublar. Vətəndaşlar TƏBİB-dən park və küçələrdə, açıq məkanlarda və insanların az olduğu yerlərdə maskadan istifadə qaydasının ləğv olunmasını xahiş ediblər. Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib.

Kampaniyaya dair fikirlərini “Sherg.az”la bölüşən tibb elmləri doktoru, professor-həkim Adil Qeybulla deyib ki, maska taxmaq bizim iradəmizlə ölçülmür. Bu, karantin qaydalarıdır:
“Lakin bir məsələ var: insanların düşüncələrinə hörmət etmək lazımdır. Çünki Bakıda insanlar kifayət qədər geniş olan iaşə müəssisələridə, restoran, kafe və çay evlərində saatlarla maskasız otururlar. Amma çölə çıxanda maska taxırlar. Bu, məntiqsiz görünür. Ona görə də həmin məsələ hansısa formada  korrektə olunmalıdır. Bu baxımdan vətəndaşların etirazını və kampaniya başlatmaqlarını məntiqli hesab edirəm. Ümumiyyətlə isə indiki dövrdə karantin qaydalarının necə olacağını epidemioloji vəziyyət diqtə edir, insanların arzusu yox”.