Narazılıq: BNA niyə parklamada qayda yarada bilmir? - Açıqlama

“Bütün “parkovka” yerlərini vahid bir sistemdə birləşdirmək lazımdır”


“BNA nə zaman parklamada qayda yarada biləcək? Qanuni parklama sistemi yoxdur, amma qanunsuz parklama ilə bağlı cərimə sistemi qurulub və aktivdir”. 
 Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 
 O. Gündüz “Sherg.az”a açıqlamasında ölkəmizdəki vəziyyəti dünya təcrübəsi ilə müqayisə etdi: 
“Qısa bir araşdırma ilə müəyyən etmək olur ki, nəinki inkişaf etmiş ölkələrdə, elə MDB məkanına daxil olan ölkələrin əksərində,  böyük şəhərlərdə parklama ilə bağlı məsələlər çoxdan həllini tapıb. Bu ölkələrin əksəriyyəti, nəinki böyük parklama ərazilərini, hətta küçələrdə, evlərin və müxtəlif inzibati binaların ətrafında olan parklama yerlərini vahid bir informasiya sistemində birləşdiriblər, pullu və pulsuz olanları fərqləndiriblər. Məlumatlandırma və monitorinq sistemləri qurublar. Maraqlıdır ki, uzun müddət keçməsinə baxmayaraq ölkəmizdə  həllini tapmayan problemlərdən biri də məhz parklama sistemi ilə bağlıdır. Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanı ilə  BNA- ya parklamaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydalar müəyyən etmək tapşırılıb.  Ötən müddət ərzində Bakı şəhərində xeyli “parkovka” yerləri müəyyən edilib. Lakin vahid bir sistem ortada yoxdur. Qəribə də olsa, indiyədək əksər “parkovka” yerlərindən yığılan pulların BNA- ya aidiyyəti yoxdur. Ümumiyyətlə, BNA bildirir ki, parklamadan yığılan pullar tam olaraq qanunsuzdur. Bütün səlahiyyətlər, yığılan vəsaitlər hansısa  X şirkətin nəzarətindədir”.



O, məsələyə təsir edən amilləri də sadaladı: 

“Çünki hökumət saat hesabı parklama tariflərini 4 ildir  müəyyən edə bilmir. BNA rəsmisi dəfələrlə bildirib ki, Prezident fərmanının icrası ilə bağlı “parkovka” yerləri üçün qanuni prosedurların və tariflərin müəyyən olunması məqsədilə Nazirlər Kabinetinə müraciət edilib. Hökumət isə göründüyü kimi, uzun müddətdir, sözügedən problemi həll etmək istəmir. Elə yerlər var ki, səhər kim tez yuxudan dursa “parkovka”nın idarəedicisi o hesab olunur. Bəzən kimsə dövlətə məxsus olan parklama ərazisinə şlaqbaum yerləşdirir. Bütün “parkovka” yerlərini vahid bir sistemdə birləşdirmək, vahid tariflər müəyyən etmək, bununla bağlı  bir mobil tətbiq hazırlamaq və normal bir ödəniş sistemi qurmaq zamanı çoxdan çatıb”. 

 Ekspert, həmçinin bir təzadlı məqama da toxundu:

“Qəribədir ki, BNA parklamanın tariflərini həll edə bilməsə də, vahid parklama ilə bağlı normal bir informasiya sistemi qura bilməsə də,  qanunsuz parklama ilə bağlı video müşahidə sistemini, yəni cərimə sistemini həll edib. Bunun üçün BNA təkcə ötən il Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə video müşahidə sisteminin qurulması üçün  SİNAM şirkətinə 6 000 000 manat ödəyib. Son zamanlar Prezident Administrasiyasında dövlət nəzarətinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Cari ildə, nəhayət, sözügedən problemin də öz həllini tapacağına ümid edək”.