Prezidentin “İskəndər-M” mesajı: Ermənistana niyə və necə satıblar? – TƏHLİL

“Sual “İskəndər”in Ermənistanın əlinə necə keçməsi ilə bağlı deyil”

“Məsələ Rusiyanın niyə onu başqa dövlətə satmasındadır”

“Çünki beynəlxalq qaydalara görə belə təhlükəli silahı satmaq olmaz”


Bu gün Prezident  İlham Əliyev Bakıda Hərbi Qənimətlər parkının açılışında iştirak edən zaman çox mühüm məqamlara toxunub. Dövlət başçısı, həmçinin Şuşaya atılan raketlərlə bağlı da danışıb: “Şuşanı ermənilər bu “İskəndər-M” raketləri ilə atəşə tutmuşdular. Ermənistan ordusunda bu raketlər haradandır? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur”.

 “Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İskəndər-M” raketləri ilə məhv etməyə çalışırdı.

Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Erməni vəhşiliyinin, hərbi cinayətinin növbəti əyani sübutudur”. – deyə, prezident əlavə edib.



Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında bildirdi ki, dövlət başçınının bu çıxışı bəziləri üçün mesajdır: 

“Əlbəttə, dövlət rəhbərliyinin hər şeydən xəbəri var. Sadəcə vurğulandığı kimi, biz rəsmi açıqlama istəyirik və onu alacağıq. Çünki diplomatik etikanı pozmaq niyyətimiz yoxdur. Sülhməramlı missiyasını yerinə yetirən, bu öhdəliyi üzərinə götürən dövlət, hamının nifrətini qazanmış ATƏT-in Minsk qrupunun digər üzvləri bu xəbərdarlıqlardan nəticə çıxarmalı, riyakarlıqdan əl çəkməlidirlər. Başa düşməlidirlər ki, əməkdaşlıqda, qonşuluqda səmimi olmaq lazımdır”.

 Deputat, həmçinin mübahisəli məqamla bağlı öz versiyasını da bildirdi: 

“Hələ müharibədən əvvəl müxtəlif ölkələrin ərazisindən keçməklə Ermənistana hərbi silah-sursat göndərilirdi. İstisna etmirəm ki, “İskəndər-M” də həmin yüklərin arasında olub. Çünki belə silahlar adətən hissə-hissə göndərilir.

Həmin vaxtlar Ermənistan rəsmilərinin, o cümlədən baş nazir Nikol Paşinyanın, müdafiə nazirinin açıqlamaları da onların nəyəsə arxayın olduqlarını göstərirdi.

Məsələn, müdafiə naziri deyirdi ki, yeni ərazilər üçün yeni müharibəyə başlayacağıq. Bəli, işğalçılar savaşa başladılar. Nəticədə biabırçı formada uduzdular. Amma məğlubiyyətlərindən dərs almayıblar. Görünür, onlara sonuncu, daha öldürücü zərbəni vurmaq lazımdır.

Onu da deyim ki, məsələ “İskəndər”in Ermənistanın əlin necə keçməsində deyil, məsələ Rusiyanın niyə onu başqa dövlətə satmasındadır. Çünki beynəlxalq qaydalara görə belə təhlükəli silahı satmaq olmaz”.