Məğlub ölkənin təxribatları ara vermir

"Ermənistan postmünaqişə dövründə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlardan çəkinməlidir"


"Ermənistanın “hərbi əsirlərin qaytarılması” mövzusunda süni gündəm yaratmaq cəhdi siyasi manipulyasiyadır. Məqsəd üçtərəfli bəyanatın bəzi müddəalarından irəli gələn tələblərin bu ölkə tərəfindən icra olunmamasından diqqəti yayındırmaqdır”. 
Bu fikirləri “Şərq”ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, hərbi əsirlər mövzusu artıq öz həllini tapıb: “Məlumdur ki, Azərbaycan tərəfi üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistana 70-dən artıq hərbi əsir verib.

Sirr deyil ki, 10 noyabr razılaşmasından sonra Ermənistan Azərbaycanın ərazilərində bir sıra hərbi təxribatlar törətməyə cəhd göstərib, nəticədə hərbçilərimiz həlak olub, mülki şəxs yaralanıb. Ermənilərin həmin təxribatçı qrupları Azərbaycan tərəfindən zərərsizləşdirilib və cinayətkarlar tutulub. Nəticə etibarilə, 10 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasından, yəni hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanda saxlanılan şəxslər hərbi əsir hesab edilmirlər. Beynəlxalq humanitar hüquq normaları bu məsələni dəqiq təsbit edir. Onlar Azərbaycan Respublikasının cinayət məcəlləsinə görə qanun qarşısında hüquqi məsuliyyət daşıyırlar”.

 N.Qələndərli əlavə edib ki, Ermənistan bu cür spekulyasiyalarla məşğul olmaq əvəzinə üçtərəfli bəyanatda əksini tapmış öhdəliklərinə qeyd-şərtsiz əməl etməlidir:

“Lakin görünən odur ki, məğlub ölkə hələ də siyasi təxribatlarını və hərbi cinayətlərini davam etdirir. Məsələn, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu, beynəlxalq hüquq normaları əsasında qəbul edilmiş konvensiyalara zidd addım və növbəti müharibə cinayətidir. Eyni zamanda, bu cür qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdid yaratmaqdır. Bunun qarşısını almaq üçün beynəlxalq təşkilatlar adekvat addımlar atmalı - məcburedici tədbirlər görməlidirlər. Ən əsası, müharibənin nəticələrindən dərs çıxarmalı olan Ermənistan postmünaqişə dövründə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlardan çəkinməlidir”.