Bir azdan "gizli toylar"ın sayı-hesabı bilinməyəcək


Ekspertlər hesab edir ki, 50-100 nəfərin iştirakı ilə toy mərasimlərinə icazə verilməlidir

"Avtobuslarda qəti şəkildə sanitar məsafə gözlənilmədən bir toyun adamı gedib-gəlir. Özü də bir-iki saat yox, səhər saat 6-dan axşam 12-yə kimi. Bunu marşrutların sayına vursaq, qorxunc bir rəqəm alınar. Necə olur virus orada yayılmır?"


Artıq bir ildən çoxdur ki, pandemiya səbəbindən ölkədə toy məclislərinin keçirilməsi qadağan edilib. Hazırkı vəziyyətdə restoranların fəaliyyət göstərməsini və ictimai nəqliyyatdakı sıxlığı nəzərə alsaq, geniş zalda toyun keçirilməsində problemin olmadığını görə bilərik. Son günlər mediada "gizli toy" xəbərlərini eşidirik. Sabirabadda toy, Samuxda toy, "Şuşa" restoranında toy... və s. Bu, hələ hüquq-mühafizə orqanlarına məlum olan və mediada yayılanlardır. Sual yaranır, nəyə görə belə olmalıdır? Sanitar qaydalar gözlənilməklə, məlum bir say müəyyən edilərək toylara icazənin verilməsi bu qədərmi çətindir? 

“Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Şərq"ə açıqlamasında qeyd edib ki, toylara qoyulan qadağa absurddur. Çünki bu qadağa milli genefondumuza, demoqrafik vəziyyətə ciddi zərbədir:

"Hesab edirəm ki, 50-100 nəfərin iştirakı ilə toy mərasimlərinə icazə verilməlidir. Sadəcə, müəyyən məhdudiyyətlər və qorunma tədbirlər görülməklə. Bütün kafe və restoranlarda onlarla adam hər gün toplaşıb yeyib içirlər. Toy mərasimində də eyni şey edilir. Yeganə fərq orada bəylə gəlinin iştirak etməsidir. Hesab edirəm ki, bu qadağa absurddur və dərhal ləğv edilməlidir. Ən pis halda açıq havada 1-2 saatlıq kiçik məclislər keçirilə bilər. Ya da böyük salonda az sayda adamla sıxlıq yaratmadan keçirmək olar. Bu qadağa yeni ailələrin qurulmasını kəskin azaldıb. Bu da milli genefondumuza, demoqrafik vəziyyətə ciddi zərbədir. Onun tezliklə aradan qaldırılması vacibdir".

"Cümhuriyyət" qəzetinin baş redaktoru Rəfail Becanov hesab edir ki, belə münasibətlər dövlətlə xalq arasında narazılıq və etimadsızlıq yaradır və vətəndaşı dövlətdən narazı salır:

"Kütləvi yoluxmanın qarşısını almaq üçün qadağanın davam etdiyini söyləsələr də, arqumenti artıq vətəndaşlar qəbul etmir. Çünki arqumentlər yetərsizdir. Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Bəs, onda necə olur ki, Türkiyədə olar, Rusiyada olar, amma Azərbaycanda olmaz?! Avtobuslarda qəti şəkildə sanitar məsafə gözlənilmədən bir toyun adamı gedib-gəlir. Özü də bir-iki saat yox, səhər saat 6-dan axşam 12-yə kimi. Bunu marşrutların sayına vursaq, qorxunc bir rəqəm alınar. Necə olur virus orada yayılmır? Amma 300-500 kvadrat metrlik yerdə 80-100 nəfərlik məclis olsa virus tüğyan edəcək?! Bu vəziyyət görünür kimlərəsə sərf edir. Amma narazılıq artır. İnsanların əsəbləri tarıma çəkilir. Ona görə "gizli toy"lar dövrünə qədəm qoyuruq. Ramazan ayı başlayır. Heç olmasa, Ramazandan sonra icazə verin, bu "gizlilikləri" leqallaşdırın".

Milli Məclisin deputatı Fazil Mustafa isə bildirib ki, vətəndaşların qaydalara əməl etmək və müəyyən dərəcədə özlərini qorumaqla gizli şəkildə də olsa, toy keçirmələrini normal qəbul etmək lazımdır:

"Çünki bu bir reallıqdır, insan həyatıdır. İnsanların həyatının elə bir mərhələsi ola bilər ki, toyu indi keçirməsə gələcəkdə həyatı alt-üst ola bilər, münasibətləri pozular və s. Ona görə də mən buna normal yanaşıram. Hər hansı şəkildə əndazəni aşarlarsa, bu zaman cəzalandırma ola bilər. Amma normal şəkildə, həyətində, sosial məsafəni qorumaq və az adam dəvət etməklə bunu edirlərsə, mane olmağı doğru hesab etmirəm. Qanun müəyyən dərəcədə bunu tələb etsə belə, toy insanların həyatında ən vacib məsələlərdəın biridir. Bu məsələdə vətəndaşların üzərinə bu dərəcədə gedilməsi doğru deyil. Sadəcə tənzimləmək lazımdır ki, məsələn, filan sayda adamla etmək olar. Sayı aşarlarsa cəzalandırılsınlar. Amma ümumiyyətlə, qadağa qoyanda insanlar təbii ki, bunu gizli şəkildə edəcəklər. Bu məsələdə kimisə qınamağın adı yoxdur".