Yararsız pul nişanlarını dəyişmək mümkün olacaq

"Mərkəzi Bankın bunu yalnız regional deyil, hər bir rayon üzrə nümayəndəlik çərçivəsində etməsi daha məqsədəuyğun olardı"


Mərkəzi Bank tərəfindən “Tədavüldə təmiz pul siyasəti”nin realizasiyası və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Mərkəzi Bankdan verilən məlumata görə, bu çərçivədə əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə Mərkəzi Bankda və onun ərazi idarələrində (Naxçıvan MR İdarəsi, Gəncə, Biləsuvar və Quba Regional Mərkəzləri, Yevlax Ehtiyat Mərkəzi) əhaliyə xidmət ofisləri təşkil edilib.

Azərbaycan Mərkəzi Bankı bildirir ki, bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında əhaliyə xidmət üzrə yeni “Nağd pul ofisi” yaradılıb. Vətəndaşlar 13 aprel 2021-ci il tarixindən etibarən həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək qeyd edilən ünvanda yerləşən əhaliyə xidmət üzrə “Nağd pul ofisi”nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər. Əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

İqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında vurğulayıb ki, o, Mərkəzi Bankda və onun ərazi idarələrində əhaliyə xidmət ofisləri təşkil edilməsini müsbət hal kimi dəyərləndirir. Ekspert qeyd edib ki, Mərkəzi Bankın bunu yalnız regional deyil, hər bir rayon üzrə nümayəndəlik çərçivəsində etməsi daha məqsədəuyğun olardı:

"Bildiyiniz kimi, elə hallar olur ki, pul dövriyyəsi zamanı valyuta yararsız hala düşür. Bu, müxtəlif amillərlə bağlı ola bilər. Məsələn, ev yanar və nəticədə evdə olan valyuta korlana bilər. Yaxud da ki, müəyyən bir səbəbə görə valyuta cırıla bilər. Qeyd edim ki, banklar valyutanın 40 faizi yararsız olduqda qəbul edir və ya ümumiyyətlə, belə valyutaları qəbul etməkdə maraqlı olmurlar. Vətəndaş da sonda həmin valyutadan imtina edir". 

Ekspert bildirib ki, bir çox hallarda banklar yararsız pulları qəbul etməkdə maraqlı olmurlar:

"Çünki onun Mərkəzi Banka göndərilməsi və s. kimi proseslər vaxt aparır. Yaxud da ki, əgər vəsait azdırsa, onun arxasınca düşülmür. Nəticədə təbii ki, ziyan vətəndaşa dəyir. Bu isə kiçik də olsa müəyyən narazılıqlara səbəb olur. Bəzi vaxtlar bu kimi hallar hakimiyyətin apardığı siyasətin tənqid olunmasına gətirib çıxarır.

Bu baxımdan Mərkəzi Bank tərəfindən “Tədavüldə təmiz pul siyasəti”nin realizasiyası və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi və yararsız pul nişanlarının qəbul edilməsini müsbət hal kimi qiymətləndirirəm. Əslində Mərkəzi Bankın bunu regional deyil, hər bir rayon üzrə nümayəndəlik çərçivəsində etməsi müsbət hala təkan verərdi.

Misal olaraq, mən Sabirabadda yaşayıram və əlimdə yararsız bir 10 manatlıq əsginaz var. Bunun üçün mən Biləsuvara getməliyəm. Gedəcəyim vaxt və pul itkisini hesablasaq, 10 manatdan artıq vəsait itirmiş oluram. Və vaxt baxımdan da hər hansı işimdən həmin gün üçün imtina etməliyəm. Amma Sabirabadın özündə bir nümayəndəlik olsa, o zaman mən hətta 1 manata görə 5 dəqiqəmi ayırıb gedərdim həmin yerə.

Bu baxımdan nə vəsait itirərdim, nə də ki günümü. Hesab edirəm ki, Mərkəzi Bank əhatə dairəsini ofislər baxımdan genişləndirməlidir. Düzdür, sual oluna bilər ki, buna əlavə xərclər lazımdır, işçi və sair. Amma görülən işin yanında bu, xırda bir hissəcikdir və Mərkəzi Bank buna görə zərərə düşməz".