Pandemiya turizm və xidmət sektorunu çökdürdü

Elə sahələr var ki, vəziyyət normallaşandan sonra da özünə gələ bilməyəcək


Pandemiya həm dünyada, həm də ölkəmizdə iqtisadiyyatın bir çox sahələrinə ağır təsir edib. Bu müddətdə bəzi sahələr özünü qismən bərpa etsə də, elə sektorlar var ki, ya uzun vaxt toparlana bilməyəcək, ya da mövcud vəziyyət səbəbilə tamamən çöküb sıradan çıxacaq.

Koronovirus pandemiyasının iqtisadiyyata təsirindən danışan iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq"ə bildirib ki, bu müddət ərzində ən çox zərərçəkən sahələr turizm və xidmət sektorudur:

"Pandemiya ilk növbədə turizm və xidmət sektorunu tamamilə məhv etdi. Xidmət sektorunun bir çox qolları, restoranlar, otellər və s. bu qəbildən olan digər sahələr mövcud vəziyyətin təsiri nəticəsində strukturunu dəyişib. Bu sahələrə birmənalı olaraq ziyan vurulub. Elə sahələr var ki, birtəhər də olsa ayaqda qala bilib.

Buna misal olaraq xidmət sektorunda fəaliyyət göstərən saç ustalarını göstərmək olar. Onlar şəxsi zənglə belə karantin vaxtında öz işini görmüş oldu. Lakin elə sektorlar da var ki, məsələn, turizm, restoran biznesi və bunlar kimi bir sıra sahələr demək olar ki, tamamilə iflic vəziyyətinə düşüb. Turizm sektorunun nəzdində dəniz səyahəti turizmi var ki, pandemiya dövründə bu sahə ümumiyyətlə çöküb. Bu sahə elədir ki, gəmilər daim hərəkətdə olmalıdır. Onların bir gün dayanması texniki cəhətdən idarə olunmasında kifayət qədər çətinliklər yaradır. Beləliklə, bir çox sahələrə köklü ziyan dəydiyinin şahidi oluruq".

Ekspert toy sahəsinə dəymiş zərərdən də danışıb. O qeyd edib ki, pandemiyanın bu cəhətdən gələcək nəsil üçün bəzi xeyirləri də oldu:

"Bu vəziyyətin ziyan vurduğu sahələrdən olan toy bazarı ümumiyyətlə aradan çıxıb. İnanmıram ki, bundan sonra əvvəlki kimi həmin sahədə aktivlik müşahidə olunsun. Birinci növbədə artıq insanların da bu məsələyə yanaşması dəyişib. Biz artıq toy biznesinə başqa müstəvidən baxırıq. Bu işlərin təşkilində çox sayda israfçılığa yol verilirdi. Toyu başlamamış gənc ailə borc içində qalırdı. Bunlar günün tələbinə uyğun xidmətlər olsa da, insanlar artıq anladı ki, həmin xidmətlər olmadan da yaşamaq mümkündür. Düşünürəm ki, gələcək zamanlarda ən azından bu israfçılıqlar aradan qalxacaq. Eyni zamanda arzulayıram ki, toy sektorunda çalışan şəxslər hər hansısa işlə təmin olunsun. Amma elə işlərdə çalışsınlar ki, bu, başqalarına zərər vurmasın".