Prokurorların maaşları ikiqat artırılacaq?

Azərbaycanda prokurorluq əməkdaşlarının aylıq gəlirlərinin kəskin artacağı gözlənilir. Bu, hazırda Milli Məclisdə baxılan «Prokurorluq haqqında» və «Prokurorluq orqanlarında xidmət haqqında» qanunlara ediləcək dəyişkiliklərdə nəzərdə tutulub.
Gözlənilən dəyişikliklə bağlı "Şərq"ə danışan  “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, bu sahədə maaşların ikiqat artacağı barədə məlumatlar doğrunu əks etdirmir: "Prokurorluq və prokurorluq orqanlarında xidmət haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə qanun layihəsi təqdim olunub. Bu da prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar olan məsələdir.

Burada söhbət prokurorluq orqanları tərəfindən aparılan cinayət işləri ilə bağlı dəymiş ziyanın istintaq müddətində ödənilməsi üzrə həmin ziyanın 5 faizi qədər prokurorluğun maddi-texniki təminatının və prokurorluq işçilərinin sosial müdafiəsinə yönəlməsi üçün onların xəzinadarlıq hesabına köçürülməsindən bəhs edilir.

Həmçinin, prokurorluq orqanları tərəfindən inzibati xətalara aid olan işlərlə əlaqədar tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi xəzinədarlıq hesabına köçürülməsi nəzərdə tutulub. Bu dəyişikliklər prokurorluq əməkdaşlarının maaşlarının kəskin artırılmasından bəhs etmir. Əlbəttə, nəzərdə tutulan dəyişikliklər müəyyən qədər maaşlara təsir edəcək, lakin bu, deyilən qədər çox olmayacaq. 

Prokurorluq işçilərinin fəaliyyəti çox ağır və mürəkkəbdir. Onların həyatları daim təhlükədədir. Həmçinin bu sahədə çalışanlar karantin rejimi, 44 günlük müharibə zamanı da gecə-gündüz demədən çalışdılar. 

Prokurorluq və hüquq-mühafizə işçilərinin əməkhaqqı elə bir həddə çatdırılmalıdır ki, onlar yalnız işin keyfiyyətli təmin olunmasını, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına yönəlməlidir. Eyni zamanda bu, korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərindən biridir".