Müharibənin üç yanı var

Oda düşəni çıxarmaq çətin olacaq

Rusiyanın üzərini qara buludlar alıb

Kreml bunun ağır nəticələrinin fərqindədir


Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin şərqində gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Rusiya rəhbəri Vladimir Putinə müraciət edib. Bu barədə məlumatı Prezidentin mətbuat katibi Yuliya Mendel yayıb. Lakin o, hələlik heç bir cavab almadıqlarını bildirib: “Ümid edirik ki, bu, dialoqdan imtina deyil”. Mətbuat katibi V. Zelenskinin Donbassda gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Parisə səfər edəcəyini vurğulayıb. Mendel Ukraynanın öz ərazisinə hücum etməyəcəyini və öz xalqı ilə döyüşməyəcəyini söyləyib: “Kiyev yalnız danışıqların sülhə səbəb ola biləcəyinə əmindir. Bu səbəbdən də Normandiya formatında danışıqlara cəhd edirik və mümkün olan bütün diplomatik yollarla məsələnin dinc yolla həllinə çalışacağıq”. 

Xatırladaq ki, Rusiya Ukraynanın şərq sərhədinə 40 min, Krıma isə 40 mindən çox hərbçi yerləşdirib. Ötən gün separatçıların atəşi nəticəsində bir Ukrayna əsgəri həlak olub. Peski və Vodyanoe kəndlərinin bombalandığı bildirilib. Ümumiyyətlə, 2014-cü ildən bugünədək Ukraynanın şərqindəki qarşıdurmalar nəticəsində 13 mindən çox insan həyatını itirib. 

“Rusiya aydınlıq gətirməlidir...”

Almaniya Müdafiə naziri Anneqret Kramp-Karrenbauer Rusiyanı qoşunlarının Ukrayna ilə sərhəd yaxınlığındakı fəallığına aydınlıq gətirməyə çağırıb. Nazir rus ordusunun bölgədəki aktivliyinin şübhəli olduğunu bildirib: “Rusiyanın gizlədəcək bir şeyi yoxdursa, o zaman qoşunlarının bölgədəki davranışlarının hansı məqsədə qulluq etdiyini asanlıqla izah edə bilər”. Bundan əvvəl Fransa Xarici işlər naziri Jan-İv Lyö Drian da oxşar açıqlama ilə çıxış etmişdi. Onun sözlərinə görə, Rusiya bölgədəki hərbi aktivliyini şəffaf şəkildə açıqlamalıdır. Aprelin 13-də Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba NATO Baş katibi Yens Stoltenberqlə görüşəcək. Görüş NATO-nun Baş qərargahında baş tutacaq. 

ABŞ-dan Rusiyaya Ukrayna xəbərdarlığı...

ABŞ dövlət katibi Entoni Blinken Ukrayna ilə Rusiya arasında yaşanan Donbass krizisi ilə bağlı açıqlama verib. Blinken Rusiyanın aqressiv siyasətinin nəticəsinin olacağını deyib: “Amerika Rusiya ilə Ukrayna sərhədindəki durumdan narahatdır. Məsələni Avropadakı müttəfiqlərimizlə müzakirə edirik. Prezident Baydenin qeyd etdiyi kimi, Rusiya "aqressiv və məsuliyyətsiz" davranışına görə cavab verməli olacaq”. 

Venediktov: “Zelenski Qarabağ senarisini təkrarlamaq istəyir...”

“Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktov deyib ki, Donbassdakı müharibənin səbəbi Ukrayna prezidentinin öz reytinqini qaldırmaq istəyi ilə bağlıdır. O, Vladimir Zelenskinin Dağlıq Qarabağdakı müharibə senarisini, Azərbaycanın hərbi uğurunu təkrarlamağa çalışdığını bildirib. Bununla belə, o, Donbassdakı hərbi konfliktdə Rusiyanın da günahkar olduğunu deyib.

“Zelenskinin çağırışları faydasız olacaq...”

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə deyib ki, Ukrayna-Rusiya münasibətləri regionda yeni genişmiqyaslı hərbi əməliyyatların alovlanmasına doğru gedir. Analitik sözlərinə görə, Rusiya tərəflər arasında hüquqi razılaşmanın əldə olunması istiqamətində real addımlar atmaq əvəzinə əlində saxladığı torpaqları “özününküləşdirmək” siyasəti güdür: “Bu isə bütün beynəlxalq normalara və münaqişənin əvvəlində Ukrayna ilə əldə olunan razılaşmalara ziddir. Rusiyanın “nə əldən qoyur, nə yardan doyur” prinsipi ilə həyata keçirdiyi Ukrayna siyasəti “Qarabağ işğalı”dövrünün təkrarlanmasıdır. Ukrayna Prezidenti Zelenskinin çağırışlarının faydasız olacağı bəllidir. Hətta tərəfləri təmsil edən nümayəndələr arasında təmaslar olsa belə hər hansı yumşalma gözlənilmir. ABŞ və Avropa Birliyi ölkələrinin Ukraynaya verdiyi siyasi və mənəvi dəstək Zelenskini daha qətiyyətli addımlar atmağa sövq edə bilər. Münaqişə alovlanacağı təqdirdə nəticədən asılı olmayaraq, ən azından siyasi cəhətdən qalib Ukrayna olacaq”. 

“Kreml rəhbərinin ağlasığmaz davranışları dünyanı təngə gətirib”

Ekspertin qənaətincə, Türkiyənin Ukrayna ilə daha sıx hərbi tərəfdaşlığı və işğala məruz qalan əraziləri de-yure və de-fakto Rusiya ərazisi kimi tanımaması regionda yeni ciddi qüvvə meydana gətirib: “Hazırkı şəraitdə Rusiya çıxılmaz duruma düşüb. Ukrayna sərhədlərinə çox sayda hərbi kontingent yığmasına baxmayaraq, Rusiya münaqişənin alovlanmasında maraqlı deyil. Çünki bunun ağır nəticələrlə bitəcəyinin fərqindədir. İstənilən halda Rusiyanın təcavüzkar siyasətinə son qoyulacaq. Uzun zamandır ki, Kreml rəhbərinin ağlasığmaz davranışları dünyanı təngə gətirib. ABŞ və Avropa Birliyi ölkələri Rusiyanın bu özbaşınalığına dözmək niyyətində deyillər. Müharibə başlanacağı təqdirdə Qərb bütün resursları ilə Ukraynanı dəstəkləyəcək və Rusiya hegemonluğuna son qoyulacaq”.