10 il yubanmışıq

Həbslər vaxtında aparılmalı idi ki, məmurlar dövlət malını talan etməsinlər

"Görülən işlərin nəticəsini tezliklə gözləmək olmaz. Bir neçə il lazım olacaq ki, təmiz cığıra çıxa bilək"


Məlum olduğu kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim olunub. Hesabatı Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. Sədr vurğulayıb ki, ötən il 34-ü audit, 4-ü analitik və 3-ü monitorinq fəaliyyətini əhatə edən kənar dövlət maliyyə nəzarəti tədbirləri həyata keçirilib.

Onun sözlərinə görə, ötənilki nəzarət tədbirləri daha çox aqrar sahəni, dövlət satınalmaları, maliyyə hesabatlarının təhlili, həmçinin büdcənin planlaşdırılması və icrası sahələrini, DSMF-nin hesabatlılığını əhatə edib. Hesabatda aqrar sahədə dövlət dəstəyinin səmərəliliyini azaldan amillər, dövlət satınalmaları sahəsindəki nöqsanlar deputatların diqqətinə çatdırılıb.

Bildirilib ki, subsidiyalara müraciət edən istehsalçıların sadəcə dörddəbiri torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib. Becərilən torpaqların 33,7 faizi dövlət dəstəyindən kənarda qalıb.

Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub. Ümumən, il ərzində aparılan auditlərlə müəyyən olunub ki, hesabatlarda düzgün əks etdirilməyən məbləğ 412,4 milyon manat təşkil edir. 2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələrə əsasən 452 halda nöqsan müəyyən edilib. 

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev “Şərq”ə deyib ki, Hesablama Palatasının bir sıra qurumlarda yoxlamaları bu və ya digər şəkildə şəffaflığın yaranmasına az da olsa kömək edir. Deputat bildirib ki, Hesablama Palatasının müxtəlif dövlət qurumlarında yeyintiləri üzə çıxarması, şişirtmələri aşkarlaması, büdcə vəsaitlərinin mənimsəməsini ortaya qoyması müsbət haldır:

“Artıq dövlət orqanları bilməlidir ki, dövlətin büdcəsi nəzərdə tutulan mühüm məsələləri həll etmək üçündür. Büdcə heç kimin şəxsi əmlakı deyil, kiminsə arasından qalan mülk, maliyyə deyil.

Nə qədər pullar ayrılsa da, sosial addımlar atılsa da, Azərbaycanda sosial narazılıq azalmır. Müəyyən vəsaitlər ayrılır və hər bir nazirliyin, komitənin, idarənin qarşısında müəyyən vəzifələr qoyulur ki, dövlət orqanları insanları razı salsınlar, onlardan gələn şikayətləri həll etsinlər. Amma biz bunun şahidi olmuruq.

Şikayətlər və sosial narazılıq günü-gündən artır. “Vətəndaşların sosial vəziyyəti yaxşılaşır” deməklə yalan danışmış olarıq. Reallıq odur ki, iş yerləri bağlanır və xeyli adam işsiz qalır. Rəqabətli əmək haqları da yoxdur. Bütün bunların fonunda effektiv nəticə doğuran dəyişiklik baş vermir. Yəni bu qədər yoxlamalar aparılır, həbslər olur və s. Amma ciddi nəticə görünmür”.

Parlament üzvü vurğulayıb ki, son illərdə bəzi həbslər həyata keçirilib, vəzifədən çıxarılmalar olub. Lakin bu addımlar vaxtında atılmalı idi:

“Həbslərin gecikməsi yeni oğurluqların, mənimsəmələrin yaranmasına səbəb oldu. İnsanlarda inamsızlıq yarandı ki, fılankəs rüşvət yığır, ancaq onunla bağlı hansısa tədbir görülmür.

Həddindən artıq gecikmişik. Hardasa 10 il yubanmışıq. Ona görə də görülən işlərin nəticəsini tezliklə gözləmək olmaz. Bir neçə il lazım olacaq ki, təmiz cığıra çıxa bilək. Əgər şəffaflığa doğru gedən proses sürətlənərsə, vəziyyət düzələ bilər.

Ümid edirəm ki, Hesablama Palatası auditin aparılması üçün yeni mexanimzlər hazırlayacaq.

Bununla oğurluqları, mənimsəmə hallarını daha müfəssəl şəkildə aşkara çıxarmaq mümkün olar. İndi müşahidə etdiklərimiz aysberqin sadəcə görünən tərəfidir”.