Lavrov əndişədədir

Zelenskinin Türkiyəyə səfəri təsadüfi deyil

"Düzdür, Türkiyə Ukraynanı tam dəstəkləyir, Krımla bağlı öz dəstəyini bəyan edir. Lakin Ankara indiki halda Kremlə gərginlikdə maraqlı deyil"


Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Türkiyəni Ukrayna hakimiyyətinin militarist hisslərini alovlandırmamağa çağırıb. Lavrov bunu mətbuat konfransında Ankaranın Kiyevə dronlar satması ilə bağlı məlumatı şərh edərkən deyib: “Əlaqə qurduğumuz bütün məsul ölkələrə - Türkiyə də bunlardan biridir - Kiyevin döyüş ruhlu bəyanatlarını təhlil etməyi qətiyyətlə tövsiyə edirik və onları bu militarist duyğuları bəsləməmək üçün xəbərdar edirik”. Məlum olduğu kimi, Vladimir Zelenski Türkiyəyə səfər edərək bu ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Liderlər həm regionda baş verənləri, həm də hərbi-siyasi əməkdaşlığı müzakirə ediblər.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıqları bir daha təsdiqləyiblər. Türkiyə prezidenti vurğulayıb ki, Minsk razılaşmaları çərçivəsində Ukraynanın şərqində gərginliyi azaltmaq vacibdir. Ukrayna və Türkiyənin müdafiə sahəsində əməkdaşlığını isə Ərdoğan vacib element adlandıraraq, onun hansısa üçüncü dövlətin əleyhinə yönəlmədiyini vurğulayıb. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri heç də təsadüfi deyildi. Analitikin sözlərinə görə, Zelenski bundan əvvəl də Türkiyəyə səfər edib və tərəflər arasında 21 maddəlik razılaşma əldə olunub:

“Həmin anlaşma 44 günlük Qarabağ savaşından öncəydi və əsasən PUA-larla bağlıydı. Ukrayna uzun müddətdir hərbi arsenalını pilotsuz uçan aparatlarla zənginləşdirmək istəyir. Türkiyə ilkin olaraq Ukraynaya orta həcmli PUA-lar verib. Lakin Vətən müharibəsində “Bayraktar”ların üstün nailiyyətləri Kiyevin də diqqətini cəlb etdi. Ukrayna bu tip PUA-ların döyüşün taleyini həll etdiyinin şahidi oldu. Zelenskinin Türkiyəyə səfəri həm müqavilənin icrasını sürətləndirmək, həm də “Baytaktar”larla bağlı müzakirələr aparmaq idi. Ukraynanın şərqində vəziyyət heç də ürəkaçan deyil. Qarabağ müharibəsindən ruhlanan Ukrayna öz torpaqlarını separatçılardan təmizləyəcəyinə böyük ümidlər bəsləyir. Müharibənin maksimum tez və minimum itkilərlə bitməsi Kiyevin əsas istəyidir. Ukrayna yaxşı bilir ki, separatçılarda olan hərbi texnika rusların köhnə silahlarıdır. Əlbəttə, Rusiyanın narahatlığı da təbiidir. MDB məkanındakı ölkələrin əksəriyyəti köhnə sovet hərb sisteminin müəyyən mənada modernləşmiş formasından istifadə edirlər. Nəticədə ordular bir-birinə çox bənzəyir. Moskva bu mənzərənin dəyişməsindən ciddi narahatlıq duyur”. 

Politoloqa görə, Ankaranın məqsədi Ukraynanı hərbiləşdirmək deyil:

“Zelenskinin səfərindən sonra Ukrayna rəsmiləri ordunun Donbassa hücum etməyəcəyini açıqladı. Digər yandan rəsmi Kiyev bildirdi ki,  Zelenski Putinlə görüşmək, müzakirə aparmaq niyyətindədir. Bu məqamlar göstərir ki, Ankara görüşü iki müstəvidə cərəyan edib. Birinci etap Ukrayna ilə Türkiyənin ikili əməkdaşlığı idisə, məsələnin ikinci tərəfi Rusiya ilə gərginliyin artmaması yönündə verilən tövsiyələr idi. Türkiyə indiki halda tərəflərin müharibəsini istəmir. Bu, dolayı yolla Ankara-Moskva münasibətlərinin pozulması deməkdir. Düzdür, Türkiyə Ukraynanı tam dəstəkləyir, Krımla bağlı öz dəstəyini bəyan edir. Lakin Ankara indiki halda Kremlə gərginlikdə maraqlı deyil. Çünki tərəflər arasında çoxsaylı hərbi müqavilələr, sövdələşmələr var. Görünür, Moskva Lavrovun diliylə Ankaraya mesaj verir ki, Rusiya Türkiyə üçün Ukraynadan daha lazımlı tərəfdaşdır”.