Yırtıcı heyvanlar mal-qaranı qırır, sahibkar əlacsızdır

Nə maraqlanan var, nə də kompensasiyanı ödəyən

"Aqrar sektorda risklər yüksək olduğu üçün sığorta şirkətləri bu sahəyə maraqlı deyil"

"İş qalır Kənd Təsərrüfatı Nazirliyinin öhdəsinə. Bəlkə nazirlik fermerlərə dəymiş ziyanı müəyyən qədər qarşılaya bilər"


Yırtıcı heyvanların təsərrüfatlara ziyan vurması hallarına təəssüf ki, rast gəlinir. Əziyyətlə təsərrüfat genişləndirmiş fermerlər, kəndlilər gözlənilmədən elə bir təhlükə ilə üz-üzə qalır ki, çəkdikləri zəhmət hədər gedir. Bu günlərdə Bərdədə oxşar hal yaşanıb. Bərdə rayonunun Saatlı kəndində, Xəyyam Məmmədova məxsus təsərrüfata canavar sürüsü hücum çəkərək təsərrüfata ziyan vurub. 30-dan çox xırdabuynuzlu heyvan tələf olub. Vəhşi heyvanlar qoyunçuluq təsərrüfatına gecə saatlarında hücum edib. Yerli sakinlər deyir ki, son 10 il ərzində canavarların sürü şəklində kəndə hücum etməsi faktına rast gəlinməyib.

Rayon Baytarlıq İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib. Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlanaraq basdırılıb.
Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.

Qeyd edək ki, baş verən hadisə zamanı təsərrüfat sahibinə 10 min manata yaxın ziyan deyib.

Canavar Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş heyvandır. Onları ovlamaq yasaqdır. Lakin insan həyatına təhlükə varsa, canavarların vurulması məqbul sayılır.

Ümumiyyətlə hesab edilir ki, yırtıcı heyvanlar meşədə, aid olduqları ərazilərdə qida tapmadıqlarından insan məskənlərinə gəlir, təsərrüfatlara hücum edirlər. Hazırda bütün dünyada bu hal yaşanır.

Və təəssüf ki, bunun günahkarı da insanlardır. İnsanlar tərəfindən təbiətin məhv edilməsi, təbii flora və faunanın pozulması, heyvanlar aləminin qida tapmamasına, aclıq çəkməsinmə gətirib çıxarıb. Onlar da qidalanmaq üçün yaşayış məskənlərinə gəlir, qida axtarırlar. Belə vəziyyətdə yırtıcıların insanlara hücum çəkməsi də gözləniləndir.

Digər bir məsələ isə təsərrüfatlara dəymiş ziyana görə fermerlərə kompensasiya ödənməsi, dəymiş ziyanın qarşılanmasıdır. Bu məsələdə də vəziyyət ürəkaçan deyil. İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, ölkədə ən zəif sığorta aqrar sığortadır: 

- Azərbaycanda ən zəif sığorta aqrar sığorta növüdür. Aqrar sektorda risklər yüksək olduğu üçün sığorta şirkətləri bu sahəyə maraqlı deyil. Bir müddət əvvəl dövlət tərəfindən aqrar sektorda sığortanın 50 faizinin ödəniləcəyi bildirilmişdi. Qalırdı, digər 50 faizin ödənməsi məsələsi, lakin nə sığorta şirkətləri, nə də fermerlər heç bu 50 faizə də razı olmadılar.

Çünki hətta sığortanın 50 faiz ödənməsi də onlara sərf etmirdi. Aqrar sektorda sığorta bazarı çox kiçikdir və bunda maraqlı olan da yoxdur. Fermerlərə dəymiş ziyanın ödənməsi yerli icra hakimiyyətləri təmin edə bilər.

Bunun üçün onların özü təşəbbüs göstərməlidir. İcra hakimiyyətləri daxili imkanlar hesabına dəymiş ziyanın ödənməsini təmin edə bilərlər. Lakin bunu etmirlər. İş qalır Kənd Təsərrüfatı Nazirliyinin öhdəsinə. Bəlkə nazirlik fermerlərə dəymiş ziyanı müəyyən qədər qarşılaya bilər.

Hər halda fermerlər sığorta ilə bağlı vəziyyətdən xəbərdardır. Çalışmalıdırlar ki, öz gücləri hesabına təsərrüfatlarını qorusunlar. Riskləri minimuma endirsinlər.