Zelenski-Ərdoğan görüşünün Kremlə mesajı: “Qırmızı xətt”i keçmə!

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşünün nəticəsi olaraq “ Krım platforması” ideyasını dəstəklədiyini bildirib. Türkiyəli lider bütün səviyyəli görüşlərdə Ukrayna ilə bağlı səsləndirdiyi fikirləri yenə də təkrar edərək həmin ölkənin ərazi bütövlüyünü dəstəklədiyini  ifadə edib”.
Bu sözləri iki ölkənin dövlət başçılarının görüşü barədə “Sherg.az”a danışan BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib.
 Ə.İbrahimov görüş barədə, həmçinin bunları söylədi: 

“Ukrayna ilə Rusiya arasında vəziyyətin daha da gərginləşdiyi vaxta təsadüf edən bu səfər həm Ankara, həm də Kiyev baxımdan müxtəlif şəkildə izah edilir. Rusiyanın  Suriya və Türkiyə ilə qarşı-qarşıya dayandığı digər nöqtələrdə ikincinin maraqları ilə heasablaşmadığı tez-tez manşetlərə daşınır. Bir çox siyasətçilər də Ukrayna ilə bu qədər yaxınlaşmanı Rusiyanın Türkiyəyə qarşı əməllərindən çəkindirmək məqsədini güddüyünü bildirirlər.



Həmçinin Rusiya ilə qarşıdurmanın müharibə səviyyəsinə çatacağı halda Türkiyənin özünün necə aparcağını öyrənmək baxımından çox əhəmiyyətli olduğunu düşünürlər. Diqqətəlayiq haldır ki, görüş ərəfəsində Ərdoğan Putinlə telefon əlaqəsi saxlayaraq Donbas ətrafında baş verən hadisələri müzakirə edib. Zelenskinin Ankaraya səfərinin  rəsmi səbəbi kimi kimi Türkiyə ilə Ukrayna arasında olan Yüksək səviyyəli Strateji Şuranın sayca 9-cu iclasında iştirak etmək göstərilir.

Müzakirə olunan məsələlərə diqqət yetirdikdə isə ortaya daha fərqli və yeni mövzuların salındığını görürük. Rəsmi məlumatlara görə Zelenski – Ərdoğan görüşündə Donbas ətrafında vəziyyət, hərbi sahədə əməkdaşlıq, “ Krım Platforması”, iki ölkə arasında azad ticarət və turizm haqqında anlaşma müzakirə olunub. Qeyri rəsmi məlumatlarda, isə Ukraynada məskən salmış Gülənçilər barədə də fikir mübadiləsi aparıldığı bildirilir. Bəzi mənbələr isə Rusiya ilə müharibə ərəfəsində olan  Zelenskinin Ərdoğandan “xeyir-dua almaq” üçün getdiyinin vurğulayır.

 Politoloq Türkiyə Ukrayna əlaqələrinin Moskvaya təsirindən də söz açdı:

 “Ekspertlər Zelenskinin Türkiyə səfərinin məqsədlərindən biri kimi, Ukrayna ordusunun döyüş qabiliyyətini yüksəltmək və Rusiyanın aqressiyasına qarşı davam gətirmək üçün Türkiyə istehsalı olan Bayraktar və Akıncı pilotsuz döyüş aparatlarının almaq istəməsini göstərirlər. Qarabağda Azərbaycanın apardığı və bu silahların geniş tətbiq olunduğu uğurlu  müharibədən sonra Ukraynanın bu silahlara marağı artdı. Hətta yenə də qeyri-rəsmi mənbələrin verdiyi məlumata görə pilotsuz uçuş aparatlarının “fəaliyyətini” izləmək üçün Ukraynadan hərbçilərdən ibarət xüsusi qrup müharibə müddətində Azərbaycanda olub. Ukraynanın Bayrakdar və Akıncının əldə etdiyi barədə rəsmi xəbərlər var. Böyük ehtimalla bu dəfə həmin silahların birgə istehsalının gündəliyə salındığını söyləmək mümkündür.

Çünki birgə istehsal hər iki tərəfin işinə yarayır. Ukrayna bu silahları daha ucuz alır və ordusunu kütləvi şəkildə təmin edir. Türkiyə isə Urayna vasitəsi ilə daha modern pilotsuz uçuş aparatlarının istehsalını genişləndirir. Eyni zamanda bu sahədə əməkdaşlıq digər silahların – raket və hərbi təyyarələrin birgə istehsalına yol açır. Bəlkə də, sözügedən əməkdaşlıq Türkiyənin Suriyada yeritdiyi siyasətə Ərdoğanın cavabı hesab oluna bilər. Çünki Türkiyənin maraq dairəsində olan bu ölkədə Rusiyanın “oyun qaydalarına” əməl etməməsi Ərdoğanı uzun müddətdir narahat edir. Digər tərəfdən, Ukrayna ilə əlaqələri tədricən inkişaf etdirməklə Ərdoğan Rusiyanı regionun digər bölgələrində də Türkiyənin maraqlarını tapdamaması barədə xəbərdar  edir. Xüsusilə, Azərbaycanda sülhməramlı missiyanın səlahiyyətlərinin və hərbçilərinin sayının daha da artırılması Türkiyə üçün “qırmızı xətt” anlamına gəlir. Türkiyə növbəti dəfə Rusiyanın yeritdiyi siyasətin qarşısında cavab vermək iqtidarında olduğunu nümayiş etdirir. Sanksiyaların Rusiyaya təsirinin getdikcə artdığı şəraitdə Türkiyənin bu imkanları daha da genişlənir”.

Professor, həmçinin masaya çıxarılan müzakirə obyektlərini açıqladı: 

“Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Krımım işğalını qəbul etmədiyini bir daha vurğulayır. Diqqətəlayiq bir məsələdir ki, Rusiya ilə münasibətlərin ən yaxın olduğu dövrlərdə belə Türkiyə Krımla bağlı mövqeyini dəyişməmişdir. Krımın Rusiyaya birləşdirilməsinin ilk günündən Ərdaoğan bRusiyanın bu addımını işğal adlandırmış və yenə də adlandırmaqda davam edir.

Bununla Ərdoğan dünya liderləri içərisində yeganə rəhbərdir ki, siyasətin mənfur sifətini qəbul etmir və hadisələrin axarına uyğun olaraq fikrini dəyişmir. Ərdoğan Ukraynanın NATO-ya qəbulunu dəstəkləyir və bu sahədə ona yardım etməyə hazırdır. Beləliklə, Türkiyə həm NATO-ya daxil olan ölkələr, həm də dünya dövlətləri arasında nüfuzunu möhkəmləndirməyi hədəfləyir. Ukrayna kimi geniş ərazi və 60 milyonluq əhalisi olan bir ölkənin Türkiyənin yardımı ilə bu təşkilata daxil olması bütün istiqamətlər üzrə türk dövlətinin faydasınadır.

Krım tatarları ilə bağlı məsələlər həmişə Türkiyənin diqqət mərkəzindədir. Türkiyə dünyanın müxtəlif bölgələrində yaşayan türk toplumları ilə münasibətdə olduğu kimi Krım tatarları ilə də yaxından ünsiyyyət saxlayır və beynəlxalq şəraitin imkan verdiyi səviyyədə onlara yardım edir. Hərbi sahədə əməkdaşlıq hər iki ölkənin  prioritet hesab etdikləri sfera hesab olunur.

Əməkdaşlıq inkişaf etdirildikcə buraya yeni-yeni məsələlər daxil edilir. Ukrayna Amerika və Avropanın verə bilmədiyi silahlarla öz ordusunu Türkiyənin imkanları hesabına təchiz etməkdə maraqlıdır. Donbasda vəziyyət də iki ölkə prezidentinin görüşü zamanı müzakirəyə çıxarılan məsələlərdən biri olub. Ərdoğan bu məsələdə Minsk razılaşmasını dəstəklədiyini bildirib və Ukraynanın şərqində gərginliyin aşağı salınmasının zəruriliyini vurğulayıb. Azad Ticarət Zonası da müzakirə olunub.

Amma digər müzakirə olunan məqamlarla müqayisədə bu sahədə ciddi irəliləyiş nəzərə çarpmır. Belə ki, Türkiyə tərəfi Azad Ticarət Zonası ilə bağlı müqaviləsinə aqrar sektoru daxil etmək istəmir. Çünki o, güclü Ukrayna şirkətlərini ölkəyə buraxmaqda maraqlı deyil. Ukrayna da öz növbəsində Türkiyəni yüngül sənaye bazarına buraxmaq istəmir. Beləliklə, bu müqavilə üzərində işlər hələ də davam etdirilməlidir”.