Lavrov- Zərif görüşü: Ermənistanı yenidən qururlar? – Revanş cəhdi!

“İran təhlükəsizlik qayğılarını daha çox Rusiya ilə bölüşmək istəyir”

“Ona görə də bölgədə Türkiyənin əleyinə Rusiyanın ümumi maraqlarından birlikdə istifadəni həyata keçirməyə çalışır”

“Bütövlükdə region yenidən qurulur. Rəsmi Tehran yenidənqurmada iştirak etmək istəyir”


Rusiya və İranın XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər. Rusiya Xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqlardan sonra keçirilən mətbuat konfransında bir sıra məqamlara toxunub. S.Lavrov Rusiya və İran Qarabağdakı münaqişənin uzunmüddətli siyasi və diplomatik həllinə nail olmağın vacibliyini vurğulayıb. Nazirlər bölgə ölkələrinin bu prosesdəki rolunu nəzərdən keçiriblər.
S.Lavrov qeyd edib:

“Biz Rusiyanın atəşkəsin davamlı olmasını təmin edən vasitəçilik səylərini nəzərə alaraq Qarabağdakı vəziyyəti müzakirə etdik. Münaqişənin nəticələrinin aradan qaldırılmasının və ümumiyyətlə uzunmüddətli siyasi və diplomatik həllinin ədalətli əsasda əldə edilməsinin vacibliyini vurğuladıq və bölgə ölkələrinin bu prosesdə oynaya biləcəyi rolu nəzərdən keçirdik”.

Azərbaycan Prezidenti Qarabağ məsələnin həll edildiyini, münaqişənin tarixə qovuşduğunu dəfələrlə vurğulayıb. Ölkə başçısı bu məsələni davamlı şəkildə bildirsə də, nədənsə İran və Rusiya bölgədəki durumu yenidən müzakirə etməyə “can atır”.



Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a açıqlamasında bildirib ki, İran yeni yaranan reallıqla bağlı ümumi vəziyyəti müəyyən etmək istəyir:

“Çünki müharibənin nəticələrindən biri ondan ibarətdir ki, Rusiya Qafqazda daha da gücləndi. Amma bununla paralel olaraq İranın milli maraqlarına zidd olan hadisələr-Azərbaycanın qalib gəlməsi və Türkiyənin hərbi baxımdan Qafqazda güclənməsi meydana çıxdı. Bu baxımdan İran sərhədlərinin kənarında baş verənlərə görə çox narahatdır. Hesab edirəm ki, İran təhlükəsizlik qayğılarını daha çox Rusiya ilə bölüşmək istəyir. Ona görə də bölgədə Türkiyənin əleyinə Rusiyanın ümumi maraqlarından birlikdə istifadəni həyata keçirməyə çalışır. Digər yanaşma odur ki, bütövlükdə region yenidən qurulur. İran isə bu yenidən qurmada iştirak etmək istəyir”.

Ə.Əlibəylinin fikrincə, önəmli fakt bundan ibarətdir ki, müharibə zamanı İran Ermənistanı dəstəklədi:

“İndi isə Ermənistan hakimiyyəti İrandan haqq-hesab istəyir ki, müharibədə dəstək yetəri səviyyədə olmayıb və məğlubiyyətə uğrayıblar. Nazirlər revanş məsələsi, Ermənistanın yenidən qurulması və qlobal təhlükəsizliklə bağlı danışıqlar aparıb. Həmçinin İranın Cənubi Qafqazda maraqlarına hansı zərbə endirilə bilər və Rusiyanın bu zərəri nə cür qarşılaya bilməsi də müzakirə olunur”.