Buraxılış imtahanları həftə içi günlərdə olacaq

"Yoxsa ki, şagirdlər, valideynlər taksi sifariş etməli olacaqdı"

"Biz ənənəvi təhsildə olan nəticəni ala bilməyəcəyik. Buna görə də qəbul imtahanlarının iki dəfə keçirilməsinin daha doğru olacağını düşünürəm"


Dövlət İmtahan Mərkəzi nəhayət, şənbə-bazar günləri ictimai nəqliyyatın işləməməsini nəzərə aldı və XI siniflərin aprelin 15-i və 16-da keçiriləcək buraxılış imtahanlarını həftəiçi günlərə təyin etdi. Buna da şükür. Yoxsa ki, şagirdlər, valideynlər taksi sifariş etməli olacaqdı, taksi də gələ, ya gəlməyə. Digər məsələ - distant təhsilin ümumilikdə tədrisin səviyyəsinə, şagirdlərin tədris proqramını nə dərəcədə mənimsəməsi və buraxılış imtahanlarının nəticələrinə təsiridir. Bu, imtahan keçirilən binaya necə çatmaqdan da, taksi problemindən də önəmlidir. Məlumdur, pandemiya uşaqları əyani dərslərdən kənar salıb. Və bunun ağır fəsadları haqqında artıq ikinci ildir ki, danışlır. Distant təhsilin nöqsanları ötənilki buraxılış və qəbul imtahanlarında  nəticələrin aşağı olmasına gətirib çıxardı. Bu dəfə də eyni vəziyyət yaşanacaqmı?    

Təhsil eksperti Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında DİM-in buraxılış imtahanlarının keçirilmə vaxtı ilə bağlı düzgün qərar verdiyini bildirdi:

- Buraxılış imtahanlarının şənbə-bazar günü keçirilməsi qərarı yanlış olardı. Ümumiyyətlə, bəzi qurumlar qərar verərkən Nazirlər Kabinetinin qərarını da unutmamalıdır. İctimai nəqliyyat işləmir, imtahan keçirilən binaların məsafəcə yaxın-uzaq olması valideyn və şagirdləri çox zaman çətinliyə salır.

Hər kəs taksidən istifadə edə bilmir ki. İmtahan günlərinin təyini zamanı bundan sonra da mövcud imkanların nəzərə alınması mütləq lazımdır. Distant təhsilə gəlincə, bu, şagirdlərin imtahan nəticələrinə təsir edəcək, məncə.

Hamıya məlumdur ki, 11-ci siniflərdə tədris onlayn davam edir. Etiraf edək ki, bu tədrisə görə şagirdlərin buraxılış imtahanı nəticələri çox zəif olar. Keçirik ikinci məqama - şagirdlərin repetitor hazırlığına.

Əsas yuk bu məqama düşür. Yəni şagird repetitor hazırlığından yaxşı hazırlaşıbsa, nəticə yaxşı olacaq. Ancaq ötən zamana nəzər salsaq görərik ki, repetitor hazırlığı da o qədər uğurlu alınmırdı. Əksər hallarda hazırlıq kursları və repetitor hazırlığı onlayn davam edirdi.  Yenə də əyani tədrisin verdiyi üstünlüklərə nail olunmurdu. Baş verənlərə baxdıqda, ehtimal edirəm ki, nəticə zəif olacaq.

Yəni biz ənənəvi təhsildə olan nəticəni ala bilməyəcəyik. Buna görə də qəbul imtahanlarının iki dəfə keçirilməsinin daha doğru olacağını düşünürəm.