NATO-nun yalnız 3 il vaxtı var

Ukrayna və Gürcüstan tezliklə Alyansa üzv qəbul edilməsə, hər iki ölkə yenidən Rusiya vektoruna dönəcək


Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze qanunverici orqanın plenar iclasında çıxışı zamanı deyib ki, NATO-nu Gürcüstan və Ukraynanın Alyansa üzv qəbul olunması prosesini sürətləndirməyə çağırırıq. Onun sözlərinə görə, Gürcüstan NATO-nun Qara dəniz bölgəsində daha fəal iştirakının tərəfdarıdır və bu, sülh, təhlükəsizlik və sabitliyin qarantıdır. Komitə sədri dünya ictimaiyyətini Gürcüstan və Ukraynanın suverenliyini fəal şəkildə dəstəkləməyə çağırıb.

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən politoloq Tural İsmayılov qeyd edib ki, həm Gürcüstanda, həm də Ukraynada NATO ilə sıx əlaqələrinin qurulması əsas prioritet müzakirə mövzularından biridir. T.İsmayılov vurğulayıb ki, rəngli inqilablar baş verməmişdən əvvəl Gürcüstan və Ukrayna bu mövzunu həssas hesab edirdi:

"Həm Ukraynada, həm də Gürcüstanda Rusiyanın siyasi arbitrından uzaqlaşmaq üçün Qərb tərəfindən müəyyən layihələr həyata keçirildi. Ölkədəki siyasi xaos, hərc-mərclik mühiti dərinləşdirildi və nəticədə böyük təlatümlər yaşandı. Lakin buna baxmayaraq NATO-nun bu ölkələrə münasibəti yenə ikiüzlülüklə xarakterizə olunur. Çünki bu ölkələrin Rusiyanın siyasi təsir dairəsindən uzaqlaşmasında maraqlı olan Qərb dairələri xüsusən NATO-nun siyasi institutları hazırda Gürcüstan və Ukrayna ilə bağlı pozitiv mesajlar versə də, bu ölkələrin NATO-ya tam şəkildə üzv olması məsələsində təəssüf ki, yekdil addımı ata bilmirlər". 

Politoloq hesab edir ki, burda təbii ki, həm Rusiya, həm də Çindən də müəyyən qədər çəkingənlik var:

"Xüsusən Avrasiya regionunda NATO tam şəkildə təsir gücünü genişləndirdiyini açıq şəkildə dünyaya göstərə bilmir. Digər tərəfdən isə NATO özünün daxilində ciddi fikir ixtilafları mövcuddur. Amma eyni zamanda biz ölkələrdə bu qədər separatçılıq meyilləri və daxili qarmaqarışıqlıqların fonunda həm Ukraynada, həm də Gürcüstanda NATO-ya inteqrasiya ilə bağlı tələblərin güclənəcəyini düşünürük. Hesab edirəm ki, yaxın 2-3 il ərzində NATO-nun Ukrayna və Gürcüstanla bağlı konkret praktiki hansısa addımı olmasa, təəssüf ki, həm Ukrayna, həm də Gürcüstan yenidən Rusiya siyasi vektoruna geri dönüş edə bilər".