Füzulinin "Araz"ı qayıdır

Azadlığına qovuşan bölgələrdə fərqli media strukturları yaradılacaq


Ölkəmizdə bir sıra regional media orqanları mövcuddur. Bu tip media KİV-də spesifiklik təkcə onların bölgədə baş verən hadisə və proseslərə yer ayırması, yaxud daha çox yer ayırması ilə deyil, yerli həyatın ən dərin qatlarına nüfuzetmə qabiliyyəti və imkanı ilə müəyyənləşir. Regional media orqanları müxtəlif ərazilərdə ictimai rəyin formalaşmasına yardım etməklə ictimai mühitin həmin ərazi üçün vacib əhəmiyyət daşıyan hadisə və proseslərə, o cümlədən siyasi xadimlərin fəaliyyətinə nəzarətin həyata keçirilməsində birləşdirici rol oynayır. Bununla da, demokratik islahatların aparılması üçün əlverişli zəmin formalaşdırırlar.

Qeyd edək ki, Rusiyada  ötən əsrin 80-90-cı illərindən başlayaraq cəmiyyətdə demokratikləşmənin dərinləşməsi, humanist dəyərlərin təbliği məqsədilə vətəndaş cəmiyyəti quruculuğu üçün daha geniş aspektlər axtarıldı. Yekunda azad sahibkarlığın təşviqinə dəstəyi, dövlət və hökumət tərəfindən zorakılıq meyillərinin aradan qaldırılması kimi amillər üzə çıxarılmağa başlandı. Belə bir durumda regional mətbuatdan başlıca gözlənti onun insanları həyata səsləyən rupor rolunda çıxış etməsi idi. Gözləntilər özünü doğrultdu və Rusiyada yenidənqurma zamanında yaranan regional media çox tez bir zamanda mərkəzi və federal nəşrləri sıradan çıxarmağa müvəffəq oldu. Çünki həmin mətbuat yerli əhalinin istək və tələblərini, maraq və mənafelərini ödəmək baxımından daha geniş imkanlara malik idi. Hazırkı dövrdə isə Rusiyada regional mətbuatın ictimai həyatın müxtəlif sahələrinə baxış bucağı o qədər dərinləşib ki, bir çox mərkəzi qəzetlər oxucu auditoriyası baxımından onlara qibtə edirlər.

Ekspertlərin fikrincə, Rusiya regional mətbuatının ən böyük uğuru onun bölgə həyatının dinamikasını əks etdirə bilməsi ilə bağlıdır. İstər Avropada, istərsə də Rusiyada regional medianın cəmiyyətdəki yeri və roluna, fəaliyyət dairəsinə münasibətdə kifayət qədər fundamental baxışlar mövcuddur.  Dünyada regional medianın mövcudluğunda və fəaliyyətində kifayət qədər qlobal məqamlar var. Bu günləri ölkəmizdə ümumilikdə medianın və onun mühüm tərkib hissəsi sayılan, dünyada baş verən proseslərə nəzər saldıqda hətta daha böyük önəm daşıdığı görünən regional KİV-mizin müasir standartlara uyğunlaşdırılması labüddür. Dövlətimiz təbii ki, bu məsələyə sistemli, kompleks şəkildə yanaşaraq mətbuat sahəsindəki quruculuğun, inkişafın ölkənin ümumi tərəqqisinə adekvat olmasında maraqlıdır. Ümumiyyətlə, qeyd edək ki, regional mediamızın keçmişdəki ənənələrinin bərpası ilə yanaşı, əslində, indiyədək mövcud olmayan yeni bölgə mətbuatı ənənəsini formalaşdırması zəruridir. Sevindirici haldır ki, yaxın vaxtlarda regional mətbu orqanımız olmuş və 1931-ci ildə Füzulidə çapa başlayan “Araz” qəzetinin redaksiyası bərpa ediləcək. Bu barədə Mədəniyyət naziri Anar Kərimov “Twitter” hesabında yazıb. O bildirib ki, “Araz” qəzeti Ermənistanın işğalından əvvəl bölgədəki əsas media orqanı olub: “İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Biz onu bərpa edəcəyik”. Media nümayəndələri bu təşəbbüsü təqdirəlayiq hesab ediblər. Heç şübhəsiz, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri başa çatdıqdan və əhalinin bölgəyə köçü başladıqdan sonra regional media orqanları da paralel fəaliyyətə başlayacaq. Zamanla həm yeni mətbuat qurumları meydana çıxacaq, həm də işğaldan əvvəl mövcud olmuş nüfuzlu KİV-lərin bərpası prosesi başlayacaq. Ekspertlərə görə, yeni reallıqlar, informasiya siyasəti və Qarabağın yenidən dirçəldilməsi baxımından bölgədə müxtəlif media orqanlarının fəaliyyəti olduqca önəmli və zəruridir. Həmçinin ekspertlər qeyd edir ki, "Araz" qəzeti yeni siması ilə regional mətbu orqanlarımızın inkişafı üçün də gözəl bir nümunə ola bilər.

Tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, "Araz" qəzetinin redaksiyasının bərpası təşəbbüsünü çox müsbət dəyərləndirir. O qeyd edib ki, əvvəllər bu qəzet öz populyarlığı ilə diqqət çəkib:

"İlk olaraq qeyd edim ki, azad olunmuş torpaqlarımızda infrastrukturun hamısı bərpa olunmalıdır və təbii ki, olunacaq da. Cənab Prezidentimizin də ən böyük arzularından və fəaliyyətinin məqsədlərindən biri də budur ki, əvvəlki infrastruktur yenidən qurulsun. Təbii ki, Qarabağda yeni və gözəl mənzərə yaransın. "Qarabağ Azərbaycandır!" nidası tarixdə öz əbədi təsdiqini tapsın. Onun üçün əlbəttə  ki, media strukturu birinci növbədədir. Çünki  mövcud vəziyyətin çatdırılmasında media xüsusi önəm daşıyır.  Buna görə də orda fəaliyyət göstərəcək hər qurumun fəaliyyətini indidən işıqlandıra biləcək media qurumları yaranmalıdır.  Qeyd edim ki, "Araz" qəzetinin çox uzun tarixi var. O çox maraqlı qəzet idi və Füzulidə çıxırdı. Qəzetin bir çox tarixi ənənələri mövcud idi. Onun keçmiş əməkdaşlarının bir çoxunu tanıyıram. Onların bəziləri hələ də jurnalistikada fəaliyyət göstərir. İnanıram və əminəm ki, "Araz" qəzeti Qarabağda yaşayan əhalimizin fəaliyyətini yüksək səviyyədə işıqlandıran bir qəzet olacaq". 
C.Məmmədli qeyd edib ki, region qəzetlərinə bəzən başqa cür baxırlar və çox zaman onların fəaliyyətini bəyənmirlər: "Düzdür, onların fəaliyyəti bir az səngiyib. Amma region qəzetləri bütün dünyada, hətta ən böyük ölkələrdə də özünəməxsus xüsusiyyətə malikdir. Hətta deyərdim ki, o ölkələrdə regionlara məxsus mətbuatlar daha çox oxunur və diqqət edilir. Ona görə ki, biz hər hansı bir rayonun fəaliyyəti barədə media qurumunda hansısa bir informasiyanı on gündən bir dəfə görürük. Amma region qəzetləri orada baş verən hadisələri hər gün və ya həftədə ən azı bir dəfə bizə çatdırır. Ona görə də hesab edirəm ki, belə qəzetlərin, radioların, ümumiyyətlə, media qurumlarının azad olunmuş torpaqlarımızda bərpa olunması ən birinci vəzifələrdən biridir. Mən bunu çox yüksək səviyyədə alqışlayıram". 

C.Məmmədli "Araz" qəzetinin səhifələrində görmək istədiyi mövzulardan danışıb və öz töhfələrini də diqqətə çatdırıb:

"İstərdim ki, qəzetdə fərqli və insanları maraqlandıracaq mövzulara daha çox diqqət çəkilsin. Məsələn, istərdim ki, infrastrukturun yaradılması ilə bağlı hesabatlar versinlər. Belə deyək ki, Füzulidə aeroport  tikilir. Aeroport barədə geniş məlumatlar verilsin  və səbəbi araşdırılsın ki, niyə prezidentimiz birinci olaraq onun tikintisinə başladı. Yəni aeroport həqiqətən ilin axırına tamamlanacaq? Həmin təyyarə limanı təkcə sərnişinlər üçün deyil, böyük təyyarələr də bura enəcək. Yaxud da ki, Füzulidən Şuşaya yol çəkilir, Füzulidən Qubadlıya gediləcək. Əlbəttə, məktəblərin açılması, mədəniyyət abidələrinin bərpa olunması və insanlar öz evlərinə dönməsi prosesi yazıya alınsın. Bir çox məsələlərə, o cümlədən insanlar qayıdandan sonra hansı işlərlə məşğul olacağı, kənd təsərrüfatı işləri ilə məşğul olma imkanları barədə suallara cavablar axtarılsın. Ermənilərin viran qoyub getdikləri torpaqlarımızdakı yeniliklər  və qırıb dağıtdıqları meşələrin yenidən salınması barədə məlumatların qəzetdə çapını istərdim.  Ümumiyyətlə, hesab edirəm ki, regional qəzetlərimizin və radiolarımızın ən mühüm xəbərləri sırasında kənd təsərüfatı məsələləri birinci yerdə dayanmalıdır. Bildiyimiz kimi, Yevlaxda  "Kür" qəzeti çıxır. Əminə Yusifqızı o qəzetin baş redaktorudur. O qəzetin fəaliyyəti məni çox qane edir. Yəni region qəzetləri itib-batmayıb. Onları ən yüksək səviyyədə inkişaf etdirmək lazımdır. Hesab edirəm ki, "Araz" qəzetinin fəaliyyəti ilə region mətbuatımıza yeni bir nəfəs gələcək. O, öz yenilikləri ilə digər region qəzetlərimizə əsl nümunə olacaq".

Tanınmış jurnalist Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, yerli medianın ayaqda tutulması və inkişaf etdirilməsi vacibdir. Ona görə ki, indiki qloballaşma şəraitində insanlar həqiqətən də yerli xəbərlərə, səviyyəli mediaya çox böyük maraq göstərirlər:

"Hətta indi internet əsri olsa da, keyfiyyətli media məhsullarına çox böyük maraq var. Bir faktı qeyd edim ki, biz 1998-ci ildə internetin geniş olmadığı dövrdə ABŞ-da kiçik qəsəbəyə  səfər etmişdik. Təxminən 20 min əhalisi olan bir qəsəbə idi. Orda gündəlik bir qəzet çıxırdı və tirajı yeddi min idi. Səhifələri tam həcmli, rəngli və səhifələrin sayı isə 30-40 idi. Biz açığı heyrət içində idik. Çünki balaca bir qəsəbədə yeddi min tirajla qəzetin çıxması heyrətləndirici idi. Bizə izah etdilər ki, burada daha çox yerli xəbərlərə üstünlük verilir. Çünki cəmiyyət içində insanların çoxu bir-birini tanıyır və hamı üçün qəsəbədə baş verənlər maraqlıdır.

Qəzetin səhifələrində toy, yas, hətta qəsəbədə baş vermiş hadisələrə üstünlük verilir. Və ona görə də adamlar bu qəzetə maraq göstərirlər. Bizim özümüzdə hazırda rayon qəzetləri çıxır. Onlar da bir qayda olaraq icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərirlər. Təbii ki, bu da oxucunun diqqətini cəlb etmir. Böyük həcmdə yazılar, şəkillər verilir.

Kiminsə uzun-uzun çıxışı çap olunur. Təbii ki, bu, oxucunu maraqlandırmır və oxumur. Hesab edirəm ki, regionlarda ictimai, siyasi, eyni zamanda yerli əhəmiyyətli sosial problemlərə yönəlik media fəaliyyət göstərərsə, o zaman onun gündəlik oxucusu olacaq. Özü də çox ciddi sayda olacaq. Bu baxımdan düşünürəm ki, Füzulinin işğalından sonra "Araz" qəzetinin redaksiyasının bərpa edilməsi əlbəttə ki, atılmış müsbət addımdır. 

Düşünürəm ki, bu qəzet vasitəsilə şablon qəzetçilikdən imtina ediləcək. Özəlliklə də işğaldan azad edilmiş ərazidə insanların ora qayıdıb yerləşməsi, dinc quruculuq işlərinin aparılması və s. məsələlərin uyğun şəkildə işıqlandırılması baxımından "Araz" qəzetinin fəaliyyətinin bərpa edilməsi region mətbuatına uğur gətirəcək".