Rusiyanın hoqqaları bitmir

Qarabağda sülhməramlıya artıq heç bir ehtiyac yoxdur

"Azərbaycan öz sərhədlərini və daxili sabitliyini qorumaq gücündədir"

Azərbaycan dövlətini və ictimaiyyəti ən çox narahat edən məqamlardan biri də Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan bölgəsinə qanunsuz səfərlərin olmasıdır. Rəsmi Bakı Rusiya və Yerevana bununla bağlı xəbərdarlıq etsə də, əfsuslar olsun ki, hələ də qanunsuz səfərlərin şahidi oluruq. Düzdür, Rusiya sülhməramlıları sərt xəbərdarlıqdan sonra bölgəyə əcnəbiləri buraxmır. Lakin rusların və Ermənistan rəsmilərinin icazəsiz gediş-gəlişinə göz yumulur. Məsələ ondadır ki, Yerevandan Xankəndinə gələnlər orada separatçılarla “rəsmi şəxslər” kimi görüşür və müəyyən “müzakirələr” aparırlar. Ötən gün İrəvan meri Ayk Marutyan da Azərbaycanın Qarabağ bölgəsinə, rus sülhməramlılarının məsuliyyət zonasına gəlib.

Marutyan Xankəndidə özünü “şəhər meri” kimi təqdim edən David Sarkisyan adlı şəxslə görüşüb. Həyasızcasına bu görüşü “iki paytaxt arasındakı əlaqələr” kimi təqdim edib. Rus sülhməramlıları 10 noyabr 2020-ci il bəyanatının şərtlərinin yerinə yetirilməsi üçün erməni tərəfinə tələblər ürəli sürmək əvəzinə yenidən həyasız torpaq iddialarına əsas verən addımlara şərait yaradır. Üçtərəfli bəyanata görə, Ermənistan silahlıları Azərbaycan ərazilərindən çıxmalı, onların yerinə rus sülhməramlıları yerləşməliydi. Rus sülhməramlıları 6 aydır yerləşsə də, erməni qanunsuz silahlı birləşmələri hələ də Azərbaycan ərazilərini tərk etməyib. Eyni zamanda, Laçın dəhlizi yalnız Qarabağda yaşayan erməni əhalinin Ermənistanla əlaqəsi üçün nəzərdə tutulsa da, Ermənistan bu dəhlizdən Azərbaycanın ərazisini pozmaq üçün gen-bol istifadə edir və rus sülhməramlıları da buna şərait yaradırlar. 

Narazılıq doğuran məqamları “Şərq”ə şərh edən Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Həsrət Rüstəmov deyib ki, Rusiya 1990-cı ilin əvvəlində işğalına fəal kömək etdiyi Azərbaycan torpaqlarının bir hissəsinin rəsmi Bakının nəzarətinə keçməsinə imkan vermir. Partiya funksionerinin sözlərinə görə, təəssüf ki, yerləşdiyimiz bölgədə Rusiyanın hərbi-siyasi təsirini hələlik neytrallaşdırmaq mümkün deyil:

“Bu təsir 44 günlük müharibə zamanı qardaş Türkiyə tərəfindən qismən neytrallaşdırılsa da, içimizdəki xainlər səbəbindən tam sonlanmadı. Rusiyanın BMT-nin tanıdığı Azərbaycan sərhədləri daxilində həyata keçirdiyi bütün hərəkətlər “sülhməramlılıq”dan uzaqdır. Qarabağda sülhməramlıya əslində heç bir ehtiyac yoxdur. Azərbaycan öz sərhədlərini və daxili sabitliyini qorumaq gücündədir.

Rusiyanın son hoqqaları Şuşada qalıqları tapılan “İsgəndər” raketi ilə bağlı Azərbaycanın prinsipial mövqeyinə, guya, “cavab” kimi ortaya atılıb. Hər şeyə rəğmən, Rusiya mütləq cavab verməlidir.

Moskva beynəlxalq normalara riayət etmək məcburiyyətindədir. Fikrimcə, hazırkı vəziyyətdə Azərbaycan BMT-yə Rusiyanın sülhməramlı statusuna sığmayan hərəkətləri ilə bağlı müntəzəm məlumatlar verməlidir.

Həmçinin, Kremlə etiraz notaları göndərməli və üçtərəfli bəyanatda qeyd edildiyi kimi Türkiyənin prosesdə üstün rol oynamasına çalışmalıdır”.