Zelenski ABŞ-dan açıq dəstək gözləyir

NATO üzvü olmaq Ukraynanın bir ölkə kimi təhlükəsizliyinin zəmanətidir

Ukrayna Prezidenti Vladimir Zelenski “CNN”ə müsahibəsində ABŞ-a və digər Qərb ölkələrinə mesaj verib. Zelenski açıq şəkildə vurğulayıb ki, əgər ABŞ və onun müttəfiqləri Ukraynanın NATO-ya gələcəkdə üzv olmasını istəyirlərsə, onlar gərək birbaşa bunun haqqında danışsınlar və Ukraynaya kömək üçün praktiki addımlar atsınlar. Sözlər kifayət deyil. Onun sözlərinə görə, ABŞ Ukrayna üçün yaxşı dostdur, lakin ABŞ Prezidenti Co Bayden Rusiya aqressiyasını dayandırmaq yolunda çox şey etməlidir.

O, NATO-ya üzvlüyün Ukraynanın təhlükəsizliyinə zəmanət anlamına gələcəyini bildirib.

Politoloq Əhəd Məmmədli “Şərq”ə açıqlamasında Zelenskinin tam haqlı olduğunu söyləyib. Analitik bildirib ki, artıq Amerikanın tərəfdaşları, Vaşinqtonu özünə dost sayan ölkələr belə quru bəyanatlarla kifayətlənmir, əməli hərəkət görmək istəyirlər:

“Zelenski Donbassdakı gərginlik səbəbindən Ağ Evdən təminat almağa çalışır. Bilmək istəyir ki, əgər Rusiya separatçılara birbaşa yardım göstərsə, ABŞ və digər Qərb ölkələri Kiyevə hərbi dəstək verəcək, ya yox. NATO üzvü olmaq isə Ukraynanın bir ölkə kimi təhlükəsizliyinin zəmanətidir. Hərbi alyansın hansısa üzvünə hərbi təcavüz bütün təşkilat üzvlərinə təcavüz deməkdir. Ona görə də Vaşinqtondan açıq dəstək, konkret addım gözləyir”. 

Ə.Məmmədli vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü dəfələrlə gündəmə gətirilib:

“Ölkənin əraziləri işğal olunanda xüsusi vəziyyət kimi Ukraynanın hərbi təşkilata qoşulması məsələsi müzakirə olunurdu. Lakin bu təşəbbüs hərbi alyans üzvləri, ələlxüsus Almaniya və Fransa tərəfindən qəbul edilmədi.

Almaniya və Fransa Rusiya ilə münasibətlərini qoruyub saxlamağa üstünlük verdi. Çünki qitə hələ də rus qazından asılı vəziyyətdədir.

Sırf bu səbəbdən Avropa ölkələri Moskva qarşısında güzəştlərə məcbur olur. Digər tərəfdən Kiyev qarşısında NATO standartları şərtləri qoyulur. Vurğulanır ki, hələlik Ukrayna bu standartlara cavab vermir. Ancaq xüsusi hal kimi təşkilata qəbul edilə bilər. Nəzərə alaq ki, Ukraynadakı inqilablar, Moskva ilə qarşıdurma və ərazilərin itirilməsi məhz Qərbə görə baş vermişdi. Qərb bir müddət inqilabi proseslərə dəstək versə də, sonradan “yoxa” çıxdı.

İndi Zelenski haqlı olaraq deyir ki, “əgər Kiyevi öz müttəfiqiniz bilirsinizsə, zəhmət çəkib arxamızda durun”.